Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Xəbərlər

“İnnovasiya və yaradıcılıqda qadınlar: dəyişikliyin aparıcı qüvvəsi” mövzusunda dəyirmi masa keçirilmişdir


Yaradıcı, yenilikçi insan əməyini, kreativ düşüncəni, mədəni və hüquqi şüurun təntənəsini, iqtisadi inkişafı tərənnüm edən “Beynəlxalq Əqli Mülkiyyət Günü”  hər il  26 apreldə bütün dünyada qeyd olunur. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təşəbbüsü ilə builki Gün “İnnovasiya və yaradıcılıqda qadınlar: dəyişikliyin aparıcı qüvvəsi” devizi altında keçirilir.

Çoxillik ənənəsinə sadiq qalaraq, Müəllif Hüquqları Agentliyi bu il də 26 aprel - “Beynəlxalq Əqli Mülkiyyət Günü”nü təntənəli şəkildə qeyd edir, bu günə həsr olunan müxtəlif  tədbirlər təşkil olunur, kitablar nəşr edilir, KİV-lərdə məlumatlar yayımlanır. Bu çərçivədə 23 aprel tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi birgə əməkdaşlıqda dövlətimizin memarı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “İnnovasiya və yaradıcılıqda qadınlar: dəyişikliyin aparıcı qüvvəsi” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirin əsas məqsədi qadınların innovasiya və yaradıcılıq sahəsindəki fəaliyyətinin və böyük rolunun bir daha göstərilməsi, yenilikçi və yaradıcı qadınların dəstəklənməsidir.

Müstəqil dövlətimizin qazandığı uğurlarda qadınların böyük rolu vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan qadınının fəaliyyətinə yüksək qiymət vermişdir: “Yüzüncü ildönümünü təntənə ilə qeyd etməyə hazırlaşdığımız Azərbaycan Xalq Cümhuriyyətinin Şərq aləmində ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verməsi məhz ictimai-siyasi fikir və mədəniyyət tariximizin görkəmli simalarının cəmiyyətin ahəngdar inkişafında, taleyüklü məsələlərin ədalətli həllində qadınların fəaliyyətini layiqincə qiymətləndirmələrinin nəticəsidir... Dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinə və ölkəmizin hərtərəfli yüksəlişinin təmin olunmasına yönəlmiş yaradıcı potensialınızı siz bu gün də uğurla gerçəkləşdirməkdəsiniz. Dinamik sosial-mədəni həyatımızın fəal iştirakçıları olaraq sizin milliliklə müasirliyin vəhdətində indiki yüksək nüfuzunuz və ictimai mövqeyinizlə fəxr edə bilərik”.

Dövlətimizin başçısı ailə dəyərlərinin toxunulmazlığı keşiyində, gənc nəslin yurda və milli ideallara bağlılıq ruhunda tərbiyəsində Azərbaycan qadınlarının xüsusi yerini həmişə vurğulamış, onların ictimai-mənəvi mühitin davamlı zənginləşməsinə yeni-yeni töhfələr verəcəklərinə ümidvar olduğunu ifadə etmiş, qeyd etmişdir ki, “sivilizasiyaların qovuşuğunda özünün misilsiz mədəni-mənəvi sərvətlər xəzinəsini yaratmış xalqımızın bu çoxəsrlik zəngin irsinin yaşadılmasında, milli düşüncəmizin parlaq ifadəçisinə çevrilmiş dilimizin saflığının qorunub saxlanılmasında analarımızın müstəsna xidmətləri vardır”. Azərbaycan qadınının cəmiyyətdə müstəsna rolunu xüsusi qeyd edən cənab Prezidentin dediyi kimi, “ədəbiyyatımızda daim gözəlliyin və zərifliyin mücəssəməsi, sədaqətin və ülviliyin rəmzi kimi vəsf olunan dərin mənəviyyatlı Azərbaycan qadını, həmçinin güclü iradəsi, vətənpərvərliyi və fədakarlığı ilə seçilərək yurdun mübarizə salnaməsində silinməz izlər qoymuşdur. Keçmişimizin mürəkkəb sosial-siyasi dəyişikliklərə məruz qaldığı müəyyən dövrlərdə o, həmişə təmkinlilik nümayiş etdirməklə cəmiyyətin sarsılmaz mənəvi dayağı olduğunu sübuta yetirmişdir”.

Cənab Prezident vurğulamışdır ki, “çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, bacarıqlı siyasətçi, dövlət məmuru, görkəmli elm xadimi, iş adamı, xalqın inanıb səs verdiyi millət vəkilidir. İndi qadınlar elm və texnologiyalar sahəsinin fəal iştirakçılarıdırlar, innovasiya və yaradıcılıqla məşğul olan qadınların sayı ildən-ilə artmaqdadır. Bu fəallıq, Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir”.

Beynəlxalq Əqli Mülkiyyət Gününün “İnnovasiya və yaradıcılıqda qadınlar: dəyişikliyin aparıcı qüvvəsi” devizi altında keçirilməsi də təsadüfi deyildir. ÜƏMT-nin bu günlə bağlı açıqlamasında xüsusi qeyd olunur ki, qadınlarımızın səyləri nəticəsində hər gün həyatımızı zənginləşdirən və bilik sərhədlərimizi genişləndirən yeni ideyalar, faydalı kəşflər və ixtiralar əldə edilir. Yaradıcılıq sahələrində isə (kino, musiqi, ədəbiyyat, incəsənət, moda, dizayn və s.) qadınlar daim mədəniyyət konsepsiyasının özünü yenidən dərk edərək, bədii və yaradıcılıq ifadəsinin hüdudlarının axtarışı ilə bizi yeni dünyaların icad və qavranılmasına sövq edirlər.

Son illərin müşahidələri göstərir ki, gender asimmetriyasının azaldılması qadının rolunu ədalətli səviyyəyə qaldırmaqla yanaşı, iqtisadi inkişafa da səbəb olur. Bu da aydındır: yüksək savadlı qadın cəmiyyətin sosial-iqtisadi həyatında fəal iştirak etməklə, əmək bazarının rəqabətqabiliyyətliliyinin artmasına təkan verir, bu da iqtisadiyyatda öz müsbət əks-sədası ilə nəticələnir.

Bugünkü tədbirdə diqqət gender faktorlarının iqtisadi inkişafa və iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə və innovativliyinə təsiri, Dünya İqtisadi Forumunun “Gender fərqliliyi İndeksi” və BMT-nin “Gender Bərabərliyi İndeksi”nin, həmçinin ÜƏMT-nin və YUNESKO-nun materiallarında istiqamətlər üzrə gender bərabərsizliyi barədə materiallarının təhlilinə, eləcə də ixtiraçı qadın təbəqəsi və  Azərbaycanda Təhsil və Elmdə gender pariteti məsələlərinə yönəldiləcək.

Dəyirmi masada müzakirə ediləcək başlıca məsələlərdən biri də əqli mülkiyyət fenomeninin texnologiyaların sıçrayışı ilə səciyyələnən yeni dövrdə, biliklər cəmiyyəti dövründə, dərk olunması ilə bağlıdır.

Əqli mülkiyyət fenomeni heç bir zaman öz-özünü təmin edən hədəf, öz-özlüyündə mücərrəd, abstrakt vasitə olmamışdır. Əqli mülkiyyət xidmətçi sahə kimi “mövcud biliklərdən yaranan və yeni biliklərlə nəticələnən” fenomendir. Bunun üçün biliklərin müəyyən səviyyəsi, infrastrukturu və daşıyıcılarının imkan və əzmi olmalıdır. Bu şəraitdə «biliklər cəmiyyəti»ndə, «biliklərə əsaslanan iqtisadiyyatda» ƏM-in qorunması öz növbəsində kreativlik və innovasiyaçılığın stimullaşdırılmasında, investisiyaların yaradıcılığa və yenilikçiliyə cəlb edilməsində, innovasiyalı mühitin formalaşmasında əsas vasitədir.

         Xüsusi qeyd edilməlidir ki, dövlətimizin siyasətində əqli mülkiyyətin qorunmasında iki istiqamət nəzərə çarpır: fərdi kreativliyi (müəlliflik, patent hüququ) və qrup kreativliyini (folklor, ənənəvi biliklər) stimullaşdırmaq, inkişaf etdirmək və qoruyub saxlamaq.

Son 25 ildə əqli mülkiyyət fenomeni nəzərəçarpan dərəcədə inkişaf etmiş və bu gün dünyada onun fəaliyyət konteksti yarandığı vaxtdan prinsipial olaraq fərqlənir. Həm iqtisadiyyatda, həm də cəmiyyətdə əqli mülkiyyətin yeri dəyişdirilərək, onu biliklərə əsaslanan iqtisadiyyatın dominantına, rəqəmsal cəmiyyətin vacib alətinə və mədəni irsin təhlükəsizliyinin təminatçısına çevirib. .

Yaşadığımız “biliklər cəmiyyəti” dövrü texnologiyaların sıçrayışı dövrüdür. Əhəmiyyətli texnoloji dəyişikliklər zamanıdır. Rəqəmli eranın nəticələri bütün sahələrdə yeni reallıq formalaşdırmış və rəqəmsal innovasiyalar “rəqəmsal imperativ” adlanan, yəni davranış qaydası yaradaraq, yeni tələblər irəli sürür. Dövlət başçımız, cənab Prezident İlham Əliyevın sözləri ilə desək, “müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici əhəmiyyət daşıyır. Hər bir dövləti rifah və yüksəlişə aparan yol elm və innovasiyalara əsaslanan inkişafdan keçir”.

 

Tədbirdə həmçinin innovasiya və yaradıcılıq sahəsində fərqlənən bir qrup qadın Müəllif Hüquqları Agentliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə Fəxri Fərmanları ilə təltif ediləcək.

Müəlliflərin və digər hüquq sahiblərinin hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyətə malik olan əsərlərin rəsmi qeydiyyatının həyata keçirilməsi tətbiq edildiyi 1996-cı ildən 2018-ci il 1 yanvar tarixinədək Agentlikdə bütövlükdə 11554 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə 85 müəllifin 177 əsəri qeydiyyatdan keçirilmişdir.

Həmçinin qlobal rəqəmli şəbəkədə əqli mülkiyyət hüquqları ilə qorunan obyektlərdən istifadə edilməsinə “one-stop-shop” formatında və onlayn qaydada icazə verilməsinə əsaslanan rəqəmli hüquqları idarəetmə sistemi (Digital Right Management) yaradılaraq, tam olaraq istifadəyə verilmişdir. Hazırda bu sistem çərçivəsində elektron bazanın formalaşdırılması üzrə işlər davam etdirilir, artıq Azərbaycan mədəni irsinə aid 2100-ə yaxın mətn, foto, audio, video material rəqəmsallaşdırılaraq, elektron bazaya yüklənmiş və xüsusi qorunma su nişanları ilə təchiz edilmişdir.

İnternetdə rəqəmli hüquqların idarə edilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə Agentlik tərəfindən hazırda blokçeyn texnologiyasına əsaslanan xüsusi platforma yaradılır. Məqsəd müasir texnologiyaların tətbiqi yolu ilə hüquqların kollektiv idarəetmədən daha əlverişli və ədalətli olan əsərlərin fərdi idarəedilməsinə qaytarmaqdır. Bu texnologiya vasitəçiləri aradan götürərək, etimadı artırır və piratçılığın qarşısının alınmasına əhəmiyyətli töhfə verir. Blokçeyn texnologiyasının mahiyyəti, tətbiqi mexanizmləri və bundan gözlənilən nəticələr  Agentliyin keçirdiyi “Müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə” mövzusunda beynəlxalq konfransda təfsilatlı təqdim edilmiş, həmçinin məsələ ilə bağlı “Rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə: Azərbaycan təcrübəsi” adlı kitab nəşr ounmuşdur.

Agentliyin fəaliyyətində erməni saxtakarlıqlarına və plagiatçılığına qarşı mübarizə əsas yerlərdən birini tutur və bununla əlaqədar  bir çox tədbirlər, o cümlədən beynəlxalq səviyyəli tədbirlər keçirilmiş, çoxsaylı kitablar və digər nəşrlər hazırlanaraq yayılmışdır, erməni saxtakarlıqlarının və ermənilərin mədəni irs nümunələrimizə iddialarının təkzibolunmaz tarixi faktlar və elmi dəlillər əsasında ifşa edilmişdir.

Agentlik ölkəmizdə əqli mülkiyyət mədəniyyətinin formalaşması və bu sahədə maariflənməni təşviq edərək, son nəticədə sahənin ümumi iqtisadi münasibətlər sistemində payının, eləcə də səmərələliyinin əhəmiyyətli dərəcədə artırılması məqsədləri üçün mütəmadi tədbirlər görür. O cümlədən, bunun nəticəsi kimi, ölkəmizin Ümumi Daxili Məhsulunda (ÜDM) müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan kreativ sənayenin payı davamlı olaraq artmışdır. Agentliyin hesablamalarına görə, kreativ sənaye sahələrinin istehsal həcmi 2003-cü ildə olan 220,5 mln. manatdan 2017-ci ilin 1 yanvarına olan vəziyyətə görə 3101,1 mln. manat səviyyəsinə çatmışdır. Qeyd olunan dövrdə ölkənin ÜDM-də müəlliflik hüququna əsaslanan sənayenin xüsusi çəkisi 3.1%-dən 5.1%-ə yüksəlmişdir ki, bu da 2.0%  artım deməkdir. Göstərilən illər ərzində müəlliflik hüququnun əsas istehsal sahələrinin ümumi həcmi 153,3 mln. manatdan 1800,6 mln. manata qədər, yəni 11,7 dəfə artmışdır.

Agentliyin başlıca vəzifələrindən biri kimi Azərbaycan müəlliflərinin və digər hüquq sahiblərinin, eləcə də xalqımıza məxsus qeyri-maddi irsin ölkə hüdudlarından kənarda qorunması məqsədi ilə beynəlxalq əlaqələrinin genişləndirilməsi də xüsusi diqqət mərkəzində saxlanılır. Ölkəmiz Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT-nin) idarəçiliyində olan beynəlxalq müqavilələrin əksəriyyətinə qoşulmuş, həmçinin əməkdaşlıq haqqında digər çoxtərəfli və ikitərəfli, o cümlədən Türkiyə, Ukrayna, Qazaxstanla  sazişlər bağlamışdır. Bunların nəticəsi kimi, ÜƏMT və Avropa İttifaqı mütəxəssislərinin rəyinə görə, bu gün Azərbaycan MDB və Şərqi Avropa məkanında əqli mülkiyyət üzrə təkmil milli idarəetmə sisteminə və zəngin qanunvericilik bazasına malik olan ölkələrdən biridir.

2017-ci ildə ÜƏMT üzv-dövlətlərinin Assambleyasının Cenevrə şəhərində keçirilmiş 57-ci toplantısında ÜƏMT-nin rəhbər orqanlarına keçirilən seçkilərdə Azərbaycan ÜƏMT-nin Koordinasiya və Büdcə və Proqram Komitələrinə seçilmiş, Müəllif Hüquqları Agentliyinin nümayəndəsi “ÜƏMT-nin Müəlliflik hüququna dair Müqaviləsi”nin vitse-prezidenti seçilmişdir.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?