Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

8-9 fevral 2018-ci il tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin və Türk Dünyası Fondunun təşəbbüsü və dəstəyi ilə “Müəllif hüquqları və əlaqəli hüquqlar üzrə istisnalar və məhdudiyyətlər” mövzusunda beynəlxalq əməkdaşlıq layihəsi çərçivəsində sayca üçüncü seminarı keçirilmişdir


Tədbirdə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin Əqli mülkiyyət obyektlərinin qeydiyyatı və hüquq şöbəsinin müdiri Nadirə Bədəlbəyli və Qeydiyyat və hüquq sektorunun müdiri Əfsanə Mirzəzadə iştirak etmişlər. Tədbiri Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Müəllif Hüquqları İdarəsinin baş direktoru cənab Şaban Karataş açaraq seminar iştirakçılarını salamlayaraq müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində milli qanunvericiliyin öyrənilməsinin əhəmiyyətini, strukturlar arasında təcrübə mübadiləsini, ölkələrimizdə müəlliflik hüququnun qorunmasında milli mədəniyyətin qorunmasını xüsusi qeyd etdi. Daha sonra o, partnyor-ölkələrin nümayəndələrinə məhsuldar işlərində uğurlar arzuladı. Açılış nitqi ilə həmçinin Gürcüstanın Əqli mülkiyyət Mərkəzinin sədri cənab Nikoloz Gogilidze və Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri xanım Fatma Ceren Yazgan çıxış etdilər.

Seminarda həmçinin Albaniya, Bosniya və Herseqovina, Qazaxıstan, Qırğızıstan, Makedoniya, Moldova, Monteneqro, Serbiya, Tacikistan, Özbəkistan, Ukrayna, Gürcüstan və Türkiyənin nümayəndələri iştirak edirdilər.

Seminarda mövzu üzrə çıxış edən Müəllif Hüquqları Agentliyinin Əqli mülkiyyət obyektlərinin qeydiyyatı və hüquq şöbəsinin müdiri Nadirə Bədəlbəyli öz prezentasiyasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində milli qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlər və istisnalar haqqında  ətraflı məlumat vermişdir. Çıxışdan sonra o, mövzu ilə bağlı digər ölkələrin nümayəndələrinin çoxsaylı suallarını cavablandırmışdır.

Tədbir zamanı Azərbaycan Respublikasının Aztv, İTV və ARB televiziya kanallarının Gürcüstandakı təmsilçi nümayəndələri tədbirin işini işıqlandırmaq üçün çəkiliş apardılar. Çəkiliş zamanı Əqli mülkiyyət obyektlərinin qeydiyyatı və hüquq şöbəsinin müdiri Nadirə Bədəlbəyli TV kanallarının təmsilçi müxbirinə qısa müsahibəsində ölkəmizdə əqli mülkiyyət sahəsində görülən işlər, bu sahəyə dövlət başçısı tərəfindən göstərilən xüsusi diqqət, seminarda müzakirə olunan “Müəllif hüquqları və əlaqəli hüquqlar üzrə istisnalar və məhdudiyyətlər” mövzusu üzrə Azərbaycanın təcrübəsi haqqında məlumat vermişdir. Hazırlanan video sujetlər yuxarıda adı çəkilən kanalların “Xəbərlər”  buraxılışlarında nümayiş olunmuşdur.

Tədbirdə Albaniya, Bosniya və Herseqovina, Qazaxıstan, Qırğızıstan, Makedoniya, Moldova, Monteneqro, Serbiya, Tacikistan, Özbəkistan, Ukrayna, Gürcüstan və Türkiyə dövlətlərinin nümayəndələri təmsil etdikləri ölkələrin müəllif hüquqları sahəsində milli qanunvericiliyi barədə məruzələrlə çıxış etmişlər.

Seminarın sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunmuşdur. Bununla da seminar öz işini yekunlaşdırdı.

 

12.02.2018









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?