Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Xəbərlər

“İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir


26 yanvar 2018-ci il

 

İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti

mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırma  mərasimi

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun

ÇIXIŞI

 

Hörmətli dostlar, xanımlar və cənablar, əziz media nümayəndələri!

Müəllif hüququ ilə bağlı müsabiqə yekunlarına həsr olunan bütün yığıncaq iştirakçılarını ürəkdən təbrik edir, müsabiqə təşkilatçılarına öz minnətdarlığımı bildirirəm.

   Günümüzdə kütləvi informasiya vasitələrinin təsiri, əhəmiyyəti, inkişafı və gələcəyindən söhbət açarkən “TV radionu məhv edəcək”, “İnternet qəzetləri aradan qaldıracaq”, “Mobil telefonlar kompüterlərə qalib gələcək” kimi deyimləri yox-yox, amma eşidirik. Bu deyimlər media formalarının yenilənməsinə və dəyişməsinə gətirib çıxaran inkişaf çağırışının əks-sədasıdır. Lakin hansı media formasının qalib gəlməsindən asılı olmayaraq, ənənəvi jurnalistika peşəsi ölkənin həyatında “dördüncü hakimiyyət” rolunu davam edir və nəticə etibarı ilə qalib gələn kütlədir, cəmiyyətdir, onların məlumatlandırılması və biliklərin artmasıdır. Eyni ilə uğurla baş tutan müsabiqənin də yalnız qalibləri var, uduzanlar yoxdur. Belə ki, jurnalistlərin hamılıqla qalibiyyəti mükafatlarla ifadə olunursa, müəlliflik hüququ sahəsi də əqli mülkiyyət mədəniyyətinin formalaşdırılmasına jurnalistlərin təkanı və töhfələri ilə təzahür edilir.

Yaşadığımız “biliklər cəmiyyəti” dövrü texnologiyaların sıçrayışı dövrüdür. Əhəmiyyətli texnoloji dəyişikliklər zamanıdır. Rəqəmli eranın nəticələri bütün sahələrdə yeni reallıq formalaşdırmış və rəqəmsal innovasiyalar “rəqəmsal imperativ” adlanan, yeni davranış qaydası yaradaraq, yeni tələblər irəli sürür. Üstəlik, rəqəmli məkanda informasiya axını həndəsi proqressiya sürəti ilə artır, belə ki, hər gün 2,5 kvintilyon həcmində verilənlər artmaqdadır. Bu isə o deməkdir ki, dünya miqyasında verilənlərin 90%-i yalnız son 2 ildə yaradılmışdır. Bütün bunlar istər jurnalistikaya, istərsə də əqli mülkiyyət sahəsinə, müəllif hüququna böyük təsir göstərir. Çünki yeni rabitə vasitələri, verilənlərin və kontentin ötürülməsinin yeni növləri ilə yararlanan kommunikasiya inqilabı istənilən mediakontentin real zamanda yayılmasına şərait yaradıb. İnformasiya yayılmasının interaktiv təbiəti isə mediada ənənəvi olan kommunikasiya yayım modelini interaktiv modelə çevirir və bununla da istehlakçının cavab reaksiyasına imkan yaradır.

Belə ki, əvvəl informasiya axın yayımı gündəmə gəldi, sonradan isə istehlakçının istəyi ilə məlumat axınlara cərəyan etdi. Bir sözlə, mediaistehlakda və kommunikasiya formalarında dəyişikliklər iradəmizdən asılı olmayaraq peşə kimi jurnalistikaya da təsir göstərir. Təbiidir ki, ənənəvi “jurnalist” anlayışı “müəllif” anlayışı ilə təmasdadır. Baxmayaraq ki, KİV-lərdə vizual komponent artmaqdadır, istər nəşr olunan internet saytlarda, istərsə də TV və radioda jurnalist kommunikasiyasının mərkəzində duran mətndir və onun müəllifliyidir və jurnalist əsəri (məqalə, foto, telereportaj, birbaşa bağlantı, canlı məlumat) kütləyə çatdırılandan sonra həqiqi əqli məhsula çevrilir.

Biz dünyada maraqlı keçidin şahidi oluruq və bu proses qeyri-dövlət subyektlərinin səlahiyyət və imkanlarının artması ilə bağlıdır. Belə ki, İnternet dövlətlərin informasiya olan monopoliyasını (təkəlliyini) dağıdaraq müxtəlif sosial şəbəkələr vasitəsilə qeyri-dövlət subyektlərinin informasiya, biliklərin əldə etməsinə və müxtəlif məqsədlər üçün istifadə etməsinə şərait yaradıb. Bunun təsirini əqli mülkiyyətdə də görürük. Məsələn, on-layn piratçılığa qarşı SOPA və rəqəmli ƏM-in qorunması PİPA qanun layihələri ABŞ-da hər iki partiya tərəfindən dəstəkləndiyi halda, Konqres tərəfindən qəbul edilmədi. Bunun səbəbi kütləvi etiraz aksiyaları idi: 115 min veb-saytlar, o cümlədən «Vikipediya» öz kontentinin əldə edilməsi yollarını bağladılar, «Google» öz loqotipini qaraltdı, «Reddit», «Twitter» və s. aksiyanın fəal iştirakçılarına çevrildilər. Nəticədə 162 mln. insan bu çətinliklərlə rastlaşdı, 2,4 mln.-dan etiraz ismarıcları göndərildi, 4,5 mln. insan «Google»-un on-layn petisiyasını imzaladı və nəhayət, «Anonymos» xaker qrupu etiraz kimi bəyan edildiyinə görə ABŞ-ın FTB-nun, Ədliyyə Nazirliyinin və bir neçə əyləncə industriya saytlarını dağıtdı. Sosial şəbəkələrin gücünü nümayiş etdirən digər misal, ACTA (Kontrafaksiyaya qarşı Ticarət Sazişinin) Avropa İttifaqı tərəfindən qəbul edilməməsi ilə bağlıdır.

Hörmətli  yığıncaq  iştirakçıları!

Dövlət başçımızın səyləri nəticəsində Azərbaycan getdikcə yeniləşir, iqtisadi islahatlar reallaşdıran, iqtisadiyyatını diversifikasiya edən və innovativ inkişafa yol açan dövlətə çevrilir. Bir neçə gün öncə cənab Prezident İlham Əliyev Davos İqtisadi Forumunda vurğuladığı kimi: Gələcəyimiz – innovasiyalar, texnologiyalar, yaxşı idarəetmə, şəffaflıq və sahibkarlara dövlət dəstəyindədir.  
  2009-cu ildən başlayaraq, Azərbaycan yuxarı-orta gəlirli ölkələr sırasındadır.Bu gün Azərbaycan özünə hörmətlə yanaşan, partnyor-dövlətlər arasında etibarlı müqabil adını qazanan, tolerantlıq və multikultural ənənələri ilə səciyyələnən bir ölkədir, nüfuzlu beynəlxalq tədbirlərin meydançasıdır.

Azərbaycan reallıqları ölkənin qlobal reytinq göstəricilərinin yüksəlməsi ilə müşayiət edilir. Dünya İqtisadi Forumunun 2017-2018-ci illər üçün Qlobal Rəqabətqabiliyyətlilik İndeksinə əsasən “Siyasətçilərə ictimai etimad”  kateqoriyasında Azərbaycan dünyada 20-ci yerə yüksəlməsi iqtidarla xalq arasında böyük etimadın olduğunu göstərir və bu təsdiq olunan etimad bir tərəfdən idarəetmənin gücünü, digər tərəfdən isə ictimai-siyasi və iqtisadi sabitliyi təmin edir. Dövlət başçımızın dediyi kimi ölkədə sabitliyin mənbəyi xalqdır, onun iradəsi və eyni zamanda iqtidarın apardığı siyasətdir. Həmin beynəlxalq, nüfuzlu sənədə görə rəqabətliyə əsasən Azərbaycan öz mövqeyini möhkəmləndirərək 37-ci yerdən 35-ci yerə yüksəlmişdi və bu göstəriciyə görə bir sıra inkişaf etmiş ölkələri üstələyərək, MDB məkanında şəksiz liderdir. Davos İqtisadi Forumunun yeni elan olunan “İnklyuziv inkişaf indeksi-2018”-ə  əsasən ölkəmiz inkişaf edən ölkələr arasında 3-cü yer tutmuş, bu indeks isə iqtisadi inkişafı yalnız ÜDM-un artması ilə ölçmür, üstəlik əhalinin həyat səviyyəsinin dayanıqlı artımını da göstərir.

Ölkə miqyasında aparılan islahatlar əqli mülkiyyət sahəsinə öz müsbət təsirini göstərir. Belə ki, Rəqabətqabiliyyətlilik İndeksinin “Əqli mülkiyyətin qorunması” alt göstərici üzrə Azərbaycan 4,8 bal toplayaraq 37-ci yeri tutur. Bununla da Azərbaycan 2016-2017-ci illərlə müqayisədə “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə tutduğu 71-ci yerdən 34 pillə yüksələrək, MDB ölkələri sırasında lider mövqeyində möhkəmlənmişdir. Cənab Prezident İlham Əliyevin ölkədə apardığı institusional islahatlar nəticəsində Müəllif Hüquqları Agentliyi yeni statusla bugünkü konfransda iştirak edir. Belə ki, Agentlik dövlət başçısı tərəfindən təsis edilən, dövlət və ictimai əhəmiyyət kəsb edən, işçiləri dövlət qulluqçularına bərabər tutulan və mərkəzi icra hakimiyyəti orqanı statusunda təminatları olan, əqli mülkiyyət hüquqları sahəsinin inkişafını təmin edən, bu sahədə vahid tənzimlənməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən publik hüquqi şəxsdir.

Müasir dövrdə 5 qanundan, o cümlədən “ƏMH təminatı və piratçılığa qarşı mübarizə haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” unikal qanunlardan, 100-ə qədər normativ-hüquqi sənədlərdən ibarət olan Azərbaycanın müəllif-hüquq bazası mövcuddur. Ölkəmizin kreativ iqtisadiyyatının (müəlliflik və əlaqəli hüquqlara əsaslanan sənayemiz) ÜDM-dəki payı 5%-i ötüb, dünyanın orta səviyyəsindədir, hətta bir sıra inkişaf etmiş ölkələri geridə qoyur. Piratçılığa qarşı görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi müxtəlif sahələrdə 20-30 % aşağı düşmüşdür.

Hal-hazırda Azərbaycan ÜƏMT-nin Koordinasiya və Büdcə Komitələrində təmsil olunur. Həmkarlarımızın beynəlxalq ekspert səviyyəsində çıxış etməsi və nümayəndəmizin Müəllif hüququna dair ÜƏMT-nin Müqaviləsi Assambleyasının vitse-prezidenti seçilməsi artan nüfuzumuza dəlalət edir.Hal-hazırda Müəllif Hüquqları Agentliyi tam kompüterləşmiş, tərkibində müasir texnologiyaları və avadanlığı, SMART-təlim distant sistemi, müasir Hüquqların Təminatı Mərkəzi və Rəqəmli Hüquqların İdarə Olunması Xidməti, yeni tələblərə uyğun olan mətbəə ilə təchiz edilmiş və «Elektron Hökumət» portalına qoşulmuş, 5 növ elektron xidmətlər həyata keçirən strukturdur.

Azərbaycan mədəni ənənələrinin mənimsəmə və özününküləşdirmə erməniçilik ənənəsinin ifşa edilməsində Agentliyin özünəməxsus xətti, tarixi-etimoloji və hüquqi əsaslara söykənən fəaliyyətinin işıqlandırılması və yayımlanmasında jurnalistlərin böyük əməyi var. Biz gələcəkdə də əməkdaşlığımızın bəhrəsini görmək ümidindəyik.

Müəllif hüquqlari sisteminin gələcəyi Prezident İ.Əliyev tərəfindən imzalanmış “Azərbaycan 2020-Gələcəyə baxış” Konsepsiyasında özünəməxsus yeri mövcuddur, əqli mülkiyyət prioritet istiqamət kimi qəbul edilmiş və həmin unikal sənədin 6 bəndində əqli mülkiyyət sisteminin qarşısında qoyulmuş mühüm vəzifələr öz əksini tapmışdır. Bunların layiqincə həyata keçirmək arzumuz çin olsun və əminəm ki, iradəmizə əsaslanaraq birgə gücümüzü səfərbər edəcəyik! Necə deyərlər: “İradəmizin sahibi, vicdanımızın qulu olmağa” hazırıq! Təşəkkür edirəm. 

 

 

 

 

 

 









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?