Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli qərarında dəyişikliklər edilməsi barədə 20 oktyabr 2017-ci il tarixli 466 nömrəli Qərarının tətbiqi ilə bağlı məsələlərə dair Müəllif Hüquqları Agentliyinin açıqlaması


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli 466 nömrəli Qərarı ilə 1997-ci ildə qəbul edilmiş 38 nömrəli Qərara müəyən dəyişikliklər edilmişdir. Qərarda bir sıra məsələlər, o cümlədən telekanallarda bədii, musiqili və cizgi filmlərinin nümayişinə, həmçinin şadlıq evlərində və restoranlarda musiqili əsərlərdən istifadəyə görə müəlliflərə və hüquq sahiblərinə qonorarın hesablanması  və ödənilməsi qaydaları ilə bağlı məsələlər öz həllini tapmışdır.

Lakin bəzi KİV-lərdə bu Qərarın tətbiqi ilə bağlı düzgün olmayan şərhlər və informasiyalar verilir, hətta bəzi hallarda qonorarın guya ifaçılar tərəfindən ödənilməli olduğu barədə yanlış fikirlər söylənilir. Bütün bunları nəzərə alaraq, Müəllif Hüquqları Agentliyi aşağıdakıları bildirir:

 

1.  1997-ci il tarixli 38 nömrəli Qərarın 3-cü Əlavəsinin “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı” bölməsinin 31-ci bəndinə edilmiş dəyişikliyə əsasən, klublarda, kafelərdə, restoranlarda və digər ictimai yerlərdə mətnli, yaxud mətnsiz musiqili əsərlərin (istər artist-ifaçıların ifasında, istərsə də mexaniki yazma şəklində) istifadəsinə görə həmin obyektlərin sahibləri (mülkiyyətçiləri) tərəfindən bir hesabat ayı üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 60 manat, digər şəhər və rayonlar üzrə 50 manat həcmində müəllif qonorarı odənilməlidir. Həmin obyektlərin icarəyə verildiyi hallarda icarə müqaviləsində qonorarın kim tərəfindən ödənilməsi göstərilməlidir. Bu qayda toy mərasimlərinə və kütləvi konsert tədbirlərinə şamil olunmur.

Kafelərin, restoranların, barların və digər obyektlərin sahibləri (mülkiyyətçiləri) hesablanmış qonorarı kollektiv idarəetmə təşkilatının hesabına köçürməklə yanaşı, ay ərzində həmin obyektdə səsləndirilən musiqili əsərlərin siyahısını (repertuarını) da təqdim etməlidirlər.

 

2. Qeyd olunan Qərarın “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı” bölməsinin 32-ci bəndinə edilmiş dəyişikliyə əsasən, mətnli, yaxud mətnsiz musiqili əsərlərin tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq, şadlıq evlərində, kafelərdə və restoranlarda keçirilən toy mərasimlərində istifadəsinə görə, həmin obyektlərin sahibləri (mülkiyyətçiləri) tərəfindən toy mərasiminin keçirildiyi hər gün üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 25 manat, digər şəhər və rayonlar üzrə 20 manat qonorar ödənilməlidir. Həmin obyektlərin icarəyə verildiyi hallarda icarə müqaviləsində qonorarın kim tərəfindən ödənilməsi göstərilməlidir.

 

3. Göstərilən Əlavənin V bölməsinə edilmiş dəyişikliyə əsasən, audiovizual əsərlərin Azərbaycan Respublikasının ərazisində efir və kabel (o cümlədən, retranslyasiya yolu ilə) televiziyası ilə yayımlanmasını, müxtəlif daşıyıcılarda tirajlanmasını və yayılmasını (satış və kirayəyə verməklə), həmçinin kütləvi nümayişini həyata keçirən tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər hesabat ayı üçün nəzərdə tutulan ümumi büdcəsinin (reklamdan, sponsordan və digər mənbələrdən daxilolmalar nəzərə alınmaqla) 0,5 faizi həcmində qonorar ödəməlidirlər.

Həmin qonorar audiovizual əsərlərin istehsalçılarına (hüquq sahiblərinə) ödənilir. Bu qonorarın müəyyən faizi isə yaradıcı heyət arasında bölünür. Məsələn, bədii filmin istifadəsinə görə hüquq sahibinə hesablanmış qonorarın 17 faizi yaradıcı heyətə - ssenari müəllifi və quruluşçu rejissorun hər birinə 6 faiz, quruluşçu operator və quruluşçu rəssamın hər birinə 2 faiz, bəstəkara 1 faiz olmaqla bölünür.

Həmin qayda ilə, musiqili filmin istifadəsinə görə hüquq sahibinə hesablanmış qonorarın 18 faizi yaradıcı heyətə - ssenari müəllifi və quruluşçu rejissorun hər birinə 6 faiz, quruluşçu operator, quruluşçu rəssam və bəstəkarın hər birinə 2 faiz olmaqla bölünməlidir və s..

Müəllif qonorarının ödəyiciləri müəllif qonorarı ödəməklə yanaşı, audiovizual əsərlərin müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilata və (və ya) qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını yerinə yetirən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinə hesabat dövründə istifadə etdikləri əsərlərin siyahısını (müəlliflərin adı və hər əsərdən istifadəyə görə əldə edilən gəlirin miqdarı ayrı-ayrılıqda göstərilməklə) təqdim etməlidirlər.

4.  Bu şərhin 1-3-cü bəndlərində göstərilən qonorarın yığılması və bölünməsi əsər müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat və (və ya) qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını yerinə yetirən Müəllif Hüquqları Agentliyi tərəfindən həyata keçirilir.

 

26.10.2017









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?