Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Xəbərlər

14-15 noyabr tarixlərində Bakıda “Universitetlərdə, elmi-tədqiqat və təcrübi-konstruktor müəssisələrində əqli mülkiyyət siyasəti və elmi-tədqiqat fəaliyyəti” mövzusunda beynəlxalq seminar keçirilmişdir


“Azərbaycan Respublikası Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı  arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun həyata keçirilməsi ilə bağlı 2014-2017-ci illər üzrə Fəaliyyət Planı” çərçivəsində cari ilin 14-15 noyabr tarixlərində Müəllif Hüquqları Agentliyi, Təhsil Nazirliyi, Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə əməkdaşlığı ilə “Universitetlərdə, elmi-tədqiqat və təcrübi-konstruktor müəssisələrində əqli mülkiyyət siyasəti və elmi-tədqiqat fəaliyyəti” mövzusunda beynəlxalq seminar keçirilmişdir.

Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri  Ramiz Həsənov, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri cənab Kamran İmanov, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Keçid iqtisadiyyatlı və inkişaf etmiş ölkələr Departamentinin direktoru Michal Svantner tədbirdə açılış nitqi ilə çıxış etmişlər.

Təhsil naziri Mikayıl Cabbarov çıxışında qeyd etdi ki, elmi-texniki tərəqqinin əqli mülkiyyət hüquqlarının qorunmasına yeni yanaşma tələb etdiyini nəzərə alaraq, dövlət müstəqilliyi bərpa olunduqdan  sonra ölkəmizdə əqli mülkiyyət və müəlliflik hüquqlarının qorunması istiqamətində ardıcıl tədbirlər görülüb. Son illər respublikamızda əqli mülkiyyətin, o cümlədən qeyri-maddi mədəni irsin qorunması sahəsində davamlı olaraq zəruri qanunverici və institusional tədbirlər həyata keçirilir. Ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında müəlliflik və əqli mülkiyyət hüquqlarının qorunması məsələsinə xüsusi yer ayrılıb.

Sonra cənab nazir 2016-cı ildə qəbul olunmuş “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsipləri, məqsədləri və prioritetləri, elmi etika və əqli mülkiyyət hüququnun qorunmasına dair maddələrin daxil edildiyini, Təhsil Nazirliyinə tabe olan ali təhsil müəssisələrində çalışan alimlər tərəfindən hər il 150-200 monoqrafiya, 600-dən artıq dərslik və dərs vəsaiti, 10 000-dən çox elmi məqalə və məruzə tezisi nəşr olunduğunu diqqətə çatdırdı.

Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov qeyd etdi ki, ÜƏMT-nin dəstəyi ilə təşkil edilən “Universitetlərdə, elmi-tədqiqat və təcrübi-konstruktor müəssisələrində əqli mülkiyyət siyasəti və elmi-tədqiqat fəaliyyəti” mövzusunda beynəlxalq seminarın böyük əhəmiyyəti və maraqlı tarixi var. Bəlli olduğu kimi, Təhsil Nazirliyində və Milli Elmlər Akademiyasında elmi-tədqiqat nəticələrinin səmərəsini artırmaq və tətbiqini sürətləndirmək məqsədilə geniş işlər aparılır və danılmaz faktdır ki, bu işlərdə əqli mülkiyyət siyasətinə dəstək verilməsi ön plana çıxır. Təhsil Nazirliyinin rəhbərliyinin təşəbbüsü və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının dəstəyi nəticəsində bu mövzu ilə bağlı daha geniş miqyasda yeni konfransın keçirilməsi ərsəyə gəldi və oktyabr ayında ÜƏMT-nin Baş direktoru Frensis Qarri ilə görüşümüzdə konfransın keçirilməsi və onun nəticəsi kimi ÜƏMT ilə tədqiqat ocaqları arasındakı əməkdaşlığı gücləndirmək qərarı verildi. Bu məqsədlə xüsusi sənəd hazırlandı və Müəllif Hüquqları Agentliyi tərəfindən məsələyə aid ÜƏMT-nin metodik sənədləri tərcümə edilib bugünkü konfransa təqdim edildi.

Tədbirin önəmini vurğulayan cənab sədr xüsusi qeyd etdi ki, məsələnin özəyi nə bilavasitə tədbirin özündədir, nə də silsilə tədbirlərdədir. Onun kökü dövlət başçısı İlham Əliyevin yürütdüyü yeni iqtisadi siyasətdədir, tədbirin nəticələrinin bu siyasətə xidmət etməsindədir, elm və təhsil ocaqlarının bu siyasətin icrasına qoşulmasında və innovativ inkişafdakı yerini möhkəmləndirməsindədir.

O daha sonra vurğuladı ki, dünyada baş verən böhranlar fonunda dayanıqlı inkişafı təmin edən Azərbaycan hal-hazırda dövlət başçısının ilin əvvəllərində elan etdiyi iqtisadi islahatlar mərhələsini uğurla keçir. Cənab Prezident İlham Əliyevin neftdən asılılığı azaltmağa, ixracı stimullaşdırmağa, idxaldan asılılığı zəiflətməyə və ümumilikdə qeyri-neft iqtisadiyyatının inkişafına xidmət edən sərəncam və fərmanları bu sahədə əsaslı dönüş yaradıb. Azərbaycanın yeni iqtisadi siyasətinin mühüm qolu – innovativ inkişafa qədəm qoyulmasıdır. Bu isə yerli və dünya bazarında rəqabətqabiliyyətliliyin, istehsalın səmərəliyinin artırılması üçün yeni texnologiyaların yaradılması və qabaqcıl texnologiyaların cəlb edilməsi, elm tutumlu sahənin genişlənməsi deməkdir. Belə ki, dövlət başçısının təşəbbüsü əsasında “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi qaydaları üzərində işlər aparılır. Bu sıraya digər sistemli tədbirlər də daxil olmalıdır, o cümlədən investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşməsi, dövlətlə birgə maliyyələşdirmə və risklərin bölüşdürülməsi, biznesə aid inzibati prosedurların sadələşdirilməsi, səmərəli fəaliyyət göstərən dövlət dəstəyi, vergi və gömrük güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi və s. – çox mühüm islahatlardır. Üstəlik, sənaye parklarının və məhəllələrinin, aqroparkların və biznes-inkubatorların yaradılması inkişafın yeni üfüqlərini açır.

  Kamran İmanov daha sonra qeyd etdi ki, beynəlxalq strukturlar ölkəmizdə keçirilən islahatların düzgünlüyünü, iqtisadi inkişafa xidmət etməsini və əldə olunan nəticələri obyektiv qiymətləndirir. Davos Dünya İqtisadi Forumunun son hesabatına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünyada 37-ci yerdədir, dövlət başçımızın sözləri ilə desək, “bu, MDB-də birinci yer və beynəlxalq arenada yetərincə ciddi yerdir”. Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan üzrə proqnozları yaxşılaşdırıb: bundan öncəki il Azərbaycanda 2,4% illik iqtisadi azalma nəzərdə tuturdusa, düzəliş edib, bu il ÜDM-in 1% artımını gözləyir. Gələn 2017-ci il üçün 1,4% proqnozlaşdıran artımını 2,4% əvəz edib.

  Dünya Bankı (DB) 190 ölkənin biznes-mühitini qiymətləndirən «Doing Business 2017» hesabatında Azərbaycanı dünyanın 3 və daha çox islahatlar aparan 29 ölkəsindən biri kimi qəbul edib, ölkəmizi “biznes başlama” göstəricisi üzrə 5-ci, “kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 32-ci pillədə yerləşdirib.

  Bir sözlə, cənab Prezident İlham Əliyevin dediyi kimi, “Azərbaycan özünü təmin edən, öz ehtiyatlarına arxalanan və davamlı inkişafı bərqərar edən ölkədir”.

Universitetlərin, elmi-tədqiqat institutlarının elm və mühəndislik nəticələrinin yeni iqtisadi durum şəraitində yeni çağırışlar çərçivəsində yerini möhkəmləndirmək yollarının müzakirəyə çıxarılmasını, təkliflər mübadiləsinin aparılmasını və əqli mülkiyyətin əhəmiyyətli dəstək rolunun bir dəfə də qabardılmasının vacibliyini vurğulayan cənab sədr bu səpgidə əqli mülkiyyət mütəxəssislərinin öz bilik və təcrübəsini əsirgəməyəcəyini vurğuladı.

Kamran İmanov dövlətimizin əqli mülkiyyət siyasətinin cənab Prezident İlham Əliyevin səyləri nəticəsində formalaşdırılmış zəngin qanunvericilik və normativ-hüquqi bazaya əsaslandığını xüsusi vurğulayaraq, siyasəti icra edən iki ixtisaslaşmış dövlət qurumu – müəlliflik və oxşar hüquqlar üzrə Müəllif Hüquqları Agentliyində, sənaye mülkiyyəti üzrə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində, həmçinin Təhsil Nazirliyi və Milli Elmlər Akademiyasında bu siyasətə böyük diqqət yetirildiyini diqqətə çatdırdı və qeyd etdi ki, “əqli mülkiyyət sahəmiz beynəlxalq nüfuz qazanıb, beynəlxalq strukturlarda rəhbər komitələrdə təmsil olunuruq, MHA-nın nümayəndəsi isə 120-dən artıq ölkəni birləşdirən ÜƏMT-nin “Müəlliflik hüququna dair” Beynəlxalq Müqaviləsinin Assambleyasının MDB məkanında ilk dəfə olaraq sədr müavini seçilib. Azərbaycanın nüfuzunun artmasında digər sahələrdə olduğu kimi müəllif-hüquq sahəsində də dövlət başçısı cənab İlham Əliyevin son 13 ildə düşünülmüş, müasirləşdirilmiş davamçılıq siyasəti, təfəkkürü, düşüncə tərzinin müstəqilliyi, kreativliyi və gələcəyə yönəldilməsi durur. Yeri gəlmişkən, dövlət başçımıza mənim “Azərbaycan Respublikasında müəllif hüquqlarının qorunması sahəsində xidmətlərinə görə” “Şöhrət” ordeni ilə təltif edilməyimlə bağlı dərin minnətdarlığımı bildirirəm. Onu da qeyd edim ki, əqli mülkiyyət mədəniyyətini formalaşdırmaq, təlimləndirmək və bu sahədə bilik və vərdişləri artırmaq məqsədi ilə MHA-nın nəzdində yaradılan Əqli mülkiyyət hüquqlarının təminatı Mərkəzinin smart-tipli təlim xidməti vasitəsilə istər əyani (Mərkəzdə), istər distant təlimləri, rəy və sorğular əsasında ilkin hazırlıqdan asılı olaraq, əqli mülkiyyət üzrə bir sıra elektron, multimedia kursları, 100-dən çox elektron prezentasiyaları, 250-dən artıq təlim çap məhsulları əldə etmək imkanları yaradılmışdır”.

  Bununla yanaşı, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında əqli mülkiyyət prioritet istiqamət kimi qəbul edilərək, 6 bənddə əqli mülkiyyətin inkişafı ilə bağlı vacib məsələlər nəzərdə tutulur. Müəlliflik və oxşar hüquqlar üzrə Milli Strategiya 2013-cü ildən təsdiq edilmişdir, sənaye mülkiyyəti üzrə Strategiya da artıq hazırdır və əqli mülkiyyət üzrə hər iki qurumun rəhbərlərinin birgə əmri əsasında bu iki qolun vahid sənəddə uyğunlaşdırılması işi gedir.

  20-25 il öncə kölgədə olan əqli mülkiyyət fenomeni hazırda nəzərəçarpan dərəcədə inkişaf etmiş və bu gün dünyada onun fəaliyyət konteksti yarandığı vaxtdan prinsipial olaraq fərqlənir. Yeni kontekst həm iqtisadiyyatda, həm də cəmiyyətdə əqli mülkiyyətin yerini dəyişdirərək, onu biliklərə əsaslanan iqtisadiyyatın dominantına, rəqəmsal cəmiyyətin vacib alətinə və mədəni irsin təhlükəsizliyinin təminatçısına çevirib. Həqiqətən, beynəlxalq sənədlərdə “biliklərə əsaslanan” cəmiyyəti və əqli mülkiyyətin  təsirini ölçərək, bir neçə meyarlar əsas götürülür. İlk növbədə innovasiya sistemlərinin keyfiyyətli fəaliyyəti, biliklərin yaranması, əldə edilməsi və tələbata uyğun elmi və yaradıcılıq strukturlarının əqli fəaliyyət nəticələri. Bu isə əqli mülkiyyətin yaradılması şəraitidir.

Digər tərəfdən təhsil və təlim səviyyəsi və şəraiti, peşəkar hazırlığı olan və təhsilli əhalinin mövcudluğu nəzərə alınır. Bu isə əqli mülkiyyətin  keyfiyyətli istifadəsi deməkdir. Bundan başqa, bilik və informasiyaların yayılmasını, kommunikasiyasını və emalını təmin edən dinamik İKT strukturunun olması vacib şərtdir. Bu isə əqli mülkiyyətin yayılması şəraitidir. Sadalanan şərtlərin olduğu halda əqli mülkiyyət şaxələnir və onun institusional rejimi əqli mülkiyyətin idarəedici strukturlarının fəaliyyəti ilə həyata keçirilir.

  K. İmanov daha sonra qeyd etdi ki, əqli mülkiyyətin yaradılması mərhələsi onun istifadəsi və yayılması mərhələləri ilə zəncirvarı bağlıdır, çünki biliklər yaranır, toplanır, cəmiyyətə istifadəyə verilir və yayılır. Lakin keçidi təmin etmək üçün əqli fəaliyyət nəticələri (ƏFH və ya elmi tədqiqatlar) kommersiyalaşmalıdır, yəni texnologiyalar universitetdən (tədqiqat institutundan) sənayeyə çatdırılmalıdır. Bu funksiyanı öz üzərinə kim götürməlidir? Bugünkü yığıncağın bir cəhəti də ondan ibarətdir ki, bu iş əsl sahiblərin, yaradan strukturların əlində olmalıdır.

  Bir sözlə, universitetlər yalnız bilik yaradıcıları və biliklərin toplayıcıları, cəmiyyətə təhsilli tələbə və mütəxəssislər, elmi əsərlərdə və konfrans-diskussiyalarda bilikləri cəmiyyətə transfer edənlər deyil, üstəlik kommersiyalaşmış texnologiyaları çatdıranlar olmasıdır. Bu səbəbdən universitetlərin və elmi-tədqiqat institutlarının rəsmi hüquqi mövqeyi olmalı, əqli mülkiyyət siyasəti formalaşdırılmalı və bununla əqli mülkiyyət universitetin strateji resursuna çevrilməlidir. Odur ki, əqli mülkiyyət fəaliyyətinin dəyişmiş konteksti eyni dərəcədə əqli mülkiyyətə və onun roluna olan münasibətdə bizim düşüncə tərzimizin dəyişməsini tələb edir.

         Bununla bağlı deməliyəm ki, mənim bir az sonra olacaq geniş prezentasiyamda universitetlərin 4 vacib istiqamətinə toxunacağam:

         Birincisi – “əqli mülkiyyət siyasəti”;

         ikincisi – elmi tədqiqat nəticələrinin kommersiyalaşması və buna yönələn start-ap kompaniyaların yaradılması;

         üçüncüsü – texnologiyaların kommersiyalaşmasını inkişaf etdirən stimullar sistemi və

         dördüncüsü – kommersiyalaşmanın infrastrukturunun formalaşması.

         Bunlarla bağlı, dünya təcrübəsi və qanunvericilik, normativ-hüquqi və təlimat bazasının təkmilləşdirilməsi təklifləri irəli sürüləcək.

Dövlət başçımızın sözləri ilə desək, “müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici əhəmiyyət daşıyır. Hər bir dövləti rifah və yüksəlişə aparan yol elm və innovasiyalara əsaslanan inkişafdan keçir”.

K.İmanov daha sonra cənab Prezident İlham Əliyevin: “…İqtisadiyyatımızın davamlı inkişafı, biliklərə əsaslanan cəmiyyətin formalaşdırılması və insan kapitalına investisiyaların qoyuluşu yaxın perspektiv üçün başlıca strateji məqsədlərimizdəndir” sözlərini səsləndirdi  və çıxışının yekununda bu göstərişləri əsas götürərək, bugünkü tədbirdə insan kapitalına əsaslanan əqli fəaliyyət nəticələri, onların əqli mülkiyyətə çevrilməsinə dair elm və təhsil sahəsindəki müvafiq vəzifələr haqqında müzakirələrin aparılacağını vurğuladı.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov çıxışında qeyd etdi ki, innovasiyalar iqtisadiyyatın inkişafına xidmət edən vacib amil olduğu üçün iqtisadi inkişafın səviyyəsi, sənayenin rəqabətqabiliyyətliliyi investisiyaların həcmi ilə bərabər, innovativliyinin səviyyəsi ilə qiymətlədirilir. Cari iqtisadi proseslər Azərbaycanda qeyri-neft sahəsinin, sənaye və ticarətin daha da inkişaf etdirilməsi zərurətini artırmaqdadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar məhz iqtisadiyyatda innovativliyin təşviqi, ədalətli rəqabət və azad ticarət şəraitinin təmin olunmasına, yerli sənaye məhsullarının dünya bazarında rəqabət imkanlarının artırılmasına yönəlib. İnnovasiyalar qeyri-maddi aktivlər olaraq məhsul və xidmətlərə əlavə istehlak xüsusiyyətləri verməklə istehlak bazarında daha uğurlu nəticələrə yol açır. Bu baxımdan ölkəmizdə elmin iqtisadiyyatla, sənaye ilə bağlantısının təmini, yeni həllərin axtarışının təşviqi, real iqtisadi səmərəyə yönəlmiş elmi nəticələr üzərində hüquqların qorunması istiqamətində birgə fəaliyyətin vacibliyi artıb.

R.Həsənov elm və təhsil müəssisələrində əqli mülkiyyət siyasəti üzrə görülmüş işlərə diqqəti artırmaq məqsədilə keçirilmiş bu tədbirin də növbəti uğurlu addım kimi yadda qalacağına ümidvar olduğunu bildirdi.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Keçid iqtisadiyyatlı və inkişaf etmiş ölkələr Departamentinin direktoru Michal Şvantner beynəlxalq seminarın elm və təhsil müəssisələri arasında əlaqələrin daha da möhkəmlənməsinə kömək edəcəyinə, tərəflər üçün faydalı olacağına əminliyini ifadə etdi və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladı.

Sonra tədbirdə mövzuya dair prezentasiyalar dinlənilmişdir.

D-r Kamran İmanov “Azərbaycan Respublikasının universitetlərində əqli mülkiyyətin və elmi-tədqiqat fəaliyyətinin dəstəklənməsində Müəllif Hüquqları Agentliyinin rolu”, cənab Michal Svantner “Universitetlərdə və tədqiqat və təcrübi-konstruktor müəssisələrində əqli mülkiyyət siyasətinin inkişafına ÜƏMT-nin dəstəyi”, Avropa patent müvəkkili Emil Riçard Pot  “Avropa universitetlərində və elmi-tədqiqat institutlarında ƏM siyasətindən istifadə; Yığılmış təcrübələr”, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Keçid iqtisadiyyatlı və inkişaf etmiş ölkələr departamentinin müşaviri Mohammad Alhabbal “Keçid iqtisadiyyatlı ölkələrdə universitetlər və elmi-tədqiqat institutları üçün əqli mülkiyyət siyasəti – ÜƏMT qaydaları”,  Polşanın Yagellon Universitetinin Əqli Mülkiyyət kafedrasının Hüquq və İdarəetmə fakültəsinin dosenti Dr. Dariusz Kasprzycki “Təcrübə mübadiləsi və uğurlu tarix: Polşa universitetlərində və tədqiqat universitetlərində əqli mülkiyyət siyasətinin önəmi və əlavə dəyəri” mövzularında prezentasiyalarla çıxış etmiş, mövzu ətrafında müzakirələr olmuşdur.

Sonra “Universitetlərdə və elmi-tədqiqat institutlarında vəziyyət”, “Azərbaycan Respublikasının universitetlərində və elmi-tədqiqat institutlarında əqli mülkiyyətlə bağlı çağırışlar üzrə hesabatlar”, “Universitetlərdə və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasətinin yaradılmasına və həyata keçirilməsinə istiqamətlənmiş milli layihələr beyin fırtınası”, “Keçid iqtisadiyyatlı ölkələrdə universitetlər və elmi-tədqiqat institutları üçün əqli mülkiyyət siyasəti üzrə ÜƏMT qaydalarının uyğunlaşdırılması və tərcüməsinə diqqət” mövzularında  müzakirələr keçirilmiş və Azərbaycan universitetlərinin alim və mütəxəssisləri, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin Slovakiyadan və Gürcüstandan olan mütəxəssislər çıxış etmişlər.

Tədbirin ikinci günündə “Universitetlərdə əqli mülkiyyəti siyasətinin müəyyən edilməsi daxil olmaqla, Universitetlər və tədqiqat institutları üçün əqli mülkiyyət siyasətinə dair Milli Layihənin hazırlanması üzrə müzakirələr və məsləhətləşmələr aparılmış, “Ümumdünya Əqli Mülkiyyət Təşkilatının universitetlər üçün əqli mülkiyyət siyasəti modeli”nin hər bir universitet və elmi-tədqiqat institutunun fəaliyyətinə uyğunlaşdırılması üzrə iş aparılmış,  müzakirə və məsləhətləşmələrin yekunu olaraq müvafiq sənədin layihəsi hazırlanmışdır.

Bununla tədbir öz işini başa çatdırmışdır.

 

 

16.11.2016

 









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?