Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Xəbərlər

Azərbaycan Respublikası Mərakeş Müqaviləsinə qoşulur


Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv dövlətlərinin Baş Assambleyasının cari ilin oktyabrın əvvəlində İsveçrənin Cenevrə şəhərində öz işini başa çatdırmış 58-ci toplantısında  iştirak edən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov ölkəmizin “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə qoşulmaq haqqında müvafiq sənədləri ÜƏMT-nin Baş direktoru Frensis Qarriyə təqdim etmişdir.

Mərakeş Müqaviləsi 27 iyun 2013-cü ildə Mərakeş Krallığının Mərakeş şəhərində dərc olunmuş əsərləri kor, görmə qüsurlu və çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün daha əlçatımlı etmək məqsədi ilə qəbul edilmişdir. Bu müqavilənin qəbul edilməsi ilə kor və digər görmə əlilliyi olan  şəxslərin bu cür əlilliyi olmayan şəxslərlə bərabər əsasda öz seçiminə uyğun hər cür informasiya və ideyaları axtarmaq, əldə etmək və yaymaq azadlığının təmin edilməsinə, eləcə də onların təhsil almaq imkanlarını məhdudlaşdıran problemlərin adekvat həllinə şərait yaradılmışdır.

Müqavilə ilə nəzərdə tutulmuş yeni hüquqi çərçivə kor və digər görmə əlilliyi olan şəxslərin elm, ədəbiyyat və incəsənət əsərlərindən istifadəsinə beynəlxalq səviyyədə təminat verir, belə şəxslər üçün əsərlərin mümkün əlçatımlı formatlarda çatışmazlığının aradan qaldırılmasına və bu nüsxələrin transsərhəd mübadiləsinə imkan yaradır.

Mərakeş Müqaviləsində iştirak ölkəmizin bu sahədə beynəlxalq əlaqələrinin daha da genişlənməsinə, eləcə də bu kateqoriyadan olan insanların cəmiyyətə daha sıx inteqrasiya edilməsinə və onların potensialından istifadənin səmərəsinin artırılmasına kömək edəcək, eyni zamanda müəlliflərin hüquqlarının səmərəli qorunması və geniş ictimaiyyətin maraqları arasında, xüsusən təhsil, tədqiqat və informasiya almaq sahəsində balansın yaradılmasına ehtiyacı və belə balansın kor və digər görmə əlilliyi olan şəxslərə münasibətdə nəzərə alınmasını təmin edəcəkdir.

Qeyd edək ki, cari il iyunun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə qoşulmaq haqqında Azərbaycan Respublikasının Qanununu imzalamışdır. Azərbaycan Mərakeş Müqaviləsinə qoşulan 42-ci ölkə olur. Azərbaycan Respublikası üçün bu müqavilə 2018-ci il dekabrın 24-dən qüvvədə olacaq.

 

08/10/2018









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?