Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Xəbərlər

ÜƏMT Azərbaycanla əqli mülkiyyət sahəsində əməkdaşlığın möhkəmlənməsində maraqlıdır


Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktoru Frensis Qarri  ölkəmizə rəsmi səfərinin nəticələri ilə bağlı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanova ünvanlandığı məktubunda bildirir ki, ÜƏMT Azərbaycanla əqli mülkiyyət sahəsində əməkdaşlığın möhkəmlənməsində maraqlıdır.

 “2018-ci ilin 4 – 6 iyununda Azərbaycan Respublikasına səfərimin təşkilinə kömək və dəstəyinizə görə Sizə səmimi təşəkkürümü bildirmək istəyirəm... Mən ÜƏMT və Azərbaycan Respublikası arasında əməkdaşlığın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm”, - deyə, d-r F.Qarri vurğulamışdır.

O, həmçinin qeyd etmişdir ki, səfər zamanı professor K.İmanovla aparılan söhbətlər Azərbaycan Respublikasının Əqli mülkiyyət Agentliyinin nailiyyətləri və ÜƏMT ilə Agentlik arasında əməkdaşlığın daha da genişləndirilə biləcəyi sahələr barədə yaxşı təsəvvürlər yaratmağa imkan vermişdır. “Xüsusilə də, mən ÜƏMT-nın Azərbaycan Respublikasının işgüzar, elmi və təhsil dairələri ilə universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasətinin hazırlanmasına dəstək üçün əməkdaşlığa hazır olduğunu vurğulamaq istərdim”, - deyə, d-r F.Qarri qeyd etmişdir.

Öz növbəsində, prof. K. İmanov F.Qarrinin Azərbaycana səfəri barədə danışarkən, bu səfəri əhəmiyyətli hadisə kimi qiymətləndirmişdir. O, demişdir: “ÜƏMT-nin Baş direktoru, doktor Frensis Qarrinin Azərbaycana səfərini əhəmiyyətli hadisə kimi qəbul edirik. Səfər zamanı Azərbaycan hökumətinin proqramına uyğun olaraq, doktor Frensis Qarri ilə yüksək səviyyəli görüşlər keçirilmiş və vacib sənədlər imzalanmışdır”.

Qeyd edək ki, ÜƏMT-nın Baş direktoru Bakıda Baş nazir cənab Novruz Məmmədov tərəfindən qəbul edilmiş, Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri cənab Əli Əhmədovla danışıqlar aparmış, həmçinin təhsil naziri cənab Ceyhun Bayramov, xarici işlər naziri cənab Elmar Məmmədyarov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) nəzdindəki Yüksək Texnologiyalar Parkında nazir cənab Ramin Quluzadə ilə görüşlər keçirmişdir.

Bu görüşlərdə əsas müzakirə mövzuları Azərbaycan və ÜƏMT arasında əlaqələrin genişlənməsi, perspektivli sahələrdə, o cümlədən innovativ üsullarından bəhrələnərək kiçik və orta sahibkarlığın inkişafına təkan vermək və yeni startapların yaranmasını təşviq etməklə ikitərəfli əməkdaşlığın daha da sürətlənməsi olmuşdur. Müzakirə edilən məsələlər cənab Əli Əhmədovla görüşdə imzalanmış Azərbaycan Respublikası Hökuməti və ÜƏMT arasında əməkdaşlıq üzrə yeni Anlaşma Memorandumunda əks olunmuşdur. O cümlədən, bu sənəddə aşağıdakı istiqamətlərdə birgə fəaliyyətləri inkişaf etdirmək nəzərdə tutulmuşdur:

- Azərbaycan Respublikasında milli əqli mülkiyyət strategiyasının işlənilib hazırlanması və həyata keçirilməsi;

- əqli mülkiyyət sistemindən istifadə etmək məqsədilə universitetlərin və elmi tədqiqat institutlarının, təsərrüfat subyektlərinin, xüsusilə kiçik  və orta həcmli müəssisələrin (KOM) potensialının artırılması;

- Blokçeyn texnologiyasına əsaslanan platformaların hazırlanması və onun tətbiq olunmasıda daxil olmaqla, rəqəmsal mühitdə müəllif hüquqlarının idarəçiliyinin təkmilləşdirilməsi üzrə tədbirlərinin həyata keçirilməsi;

- kreativ iqtisadiyyatın davaml ıinkişafı və onun ÜDM-dəki payının artırılması üzrə tədbirlərə dəstəyin gücləndirilməsi; 

- folklor ifadələri (ənənəvi mədənii fadələr) və ənənəvi biliklərdə daxil olmaqla, qeyri-maddi mədəni irsin sistemləşdirilməsi, identifikasiyası, qeydiyyatı və mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsi;

- saxtamalçılığa və piratçılığa qarşı mübarizə tədbirləri də daxil olmaqla, ƏM hüquqlarının təminatı sisteminin gücləndirilməsi;

- əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması sahəsində hüquqi maarifləndirmə işlərinin genişləndirilməsi və s.

Sözünü davam edən K.İmanov onu da demişdir ki, dr. F.Qarri “Azərbaycanın dostu, ÜƏMT ilə Azərbaycan əlaqələrinin nəzərəçarpan dərəcədə genişlənməsində danılmaz rolu olan, əqli mülkiyyət sahəsinin ən nüfuzlu peşəkarlarından, alimlərindən sayılır”.

Prof. K. İmanov d-r. F.Qarrinin «gələcəkdə əqli mülkiyyətin beynəlxalq arxitekturası və formasının texnologiyalar tərəfindən getdikcə daha çox diqtə ediləcəyi və əqli mülkiyyəti idarə etməsi qaçılmazdır» fikrini xatırladaraq, qeyd etmişdir ki, bu “cənab F.Qarrinin öncədən gördüyü əqli mülkiyyətin gələcək təkamülünün konturlarını müəyyənləşdirir”.

Onun sözlərinə görə, bu təkamül texnologiyaların əqli mülkiyyətin mövcud landşaftına kardinal təsiri və, “öz növbəsində, əqli mülkiyyətin buna qarşı çıxmaması, əksinə, ona uyğunlaşması” yolu ilə inkişaf edəcək.

K.İmanov onu da vurğulamışdır ki, “əqli mülkiyyətin dəyişmiş rolu onun fəaliyyətinin yeni konteksti və ona münasibətdə bizim düşüncə tərzimizin dəyişməsi Azərbaycan üçün çox aktualdır, çünki ölkəmiz yeni iqtisadi siyasətinin mühüm qolu – innovativ inkişafa qədəm qoyur”. “Qeyri-neft sektorunu inkişaf etdirən, diversifikasiyanı uğurla aparan, «Made in Azerbaijan» brendini təşviq edən və qısa müddətdə böhran vəziyyəti arxada qoyaraq iqtisadiyyatının dinamik artımını nümayiş etdirən dövlətimiz qeyri-neft sektorunda 2018-ci ilin 4 ayında 11% irəliləyiş əldə etmiş və mötəbər Dünya İqtisadi Forumunun məlumatına əsasən, rəqabətqabiliyyətliliyə görə dünyada bir sıra inkişaf etmiş ölkələri üstələyərək, 35-ci yeri tutmuşdur”, - deyə, o fikrini davam etmişdir.

Əqli Mülkiyyət Agentliyinin İdarə heyətinin sədrinə görə, yaşadığımız «biliklər cəmiyyətində», texnologiyaların sıçrayışı və rəqəmsal innovasiyaların «rəqəmsal imperativ» tələbi dövründə “innovativ inkişaf tədqiqatların nəticəsində əldə edilən biliklərin və texnologiyaların, investisiyaların və əqli mülkiyyətin yaratdığı insan kapitalının ekosistemidir”.

Burada prof. İmanov Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu sözlərini yada salmışdır: «Müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici əhəmiyyət daşıyır. Hər bir dövləti rifah və yüksəlişə aparan yol elm və innovasiyalara əsaslanan inkişafdan keçir» və “Gələcəyimiz – innovasiyalar, texnologiyalar, yaxşı idarəetmə, şəffaflıq və sahibkarlara dövlət dəstəyindədir”.

K.İmanov demişdir ki, “bu yolla irəliləyən Azərbaycan 2009-cu ildən başlayaraq, yuxarı-orta gəlirli ölkələr sırasındadır. Davos İqtisadi Forumunun «İnklüziv inkişaf indeksi – 2018»-ə əsasən, ölkəmiz inkişaf edən ölkələr arasında 3-cü yeri tutur. Ölkə miqyasında aparılan islahatlar əqli mülkiyyət sahəsinə öz müsbət təsirini göstərir. Belə ki, Rəqabətqabiliyyətlilik İndeksinin “Əqli mülkiyyətin qorunması” alt göstəricisi üzrə Azərbaycan 37-ci yeri tutur. Bununla da Azərbaycan 2016-2017-ci illərlə müqayisədə “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə tutduğu 71-ci yerdən 34 pillə yüksələrək, MDB ölkələri sırasında lider mövqeyini möhkəmləndirmişdir”.

O, əlavə etmişdir ki, “ölkəmizin kreativ iqtisadiyyatının (müəlliflik və əlaqəli hüquqlara əsaslanan sənayemiz) ÜDM-dəki payı 5%-i ötüb, dünyanın orta səviyyəsindədir, hətta bir sıra inkişaf etmiş ölkələri geridə qoyur. Piratçılığa qarşı görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi müxtəlif sahələrdə 20-30% aşağı düşmüşdür”.

 

27.06.2018









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?