Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Bakıda “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq konfrans keçirilir


05.06.2018 [10:36]

 

https://www.azertag.com/xeber/Bakida_Bilik_ve_innovasiya_iqtisadiyyatina_eqli_mulkiyyetin_desteyi_movzusunda_beynelxalq_konfrans_kechirilir-1169491

 

K.Əliyeva, P.İmanova, AZƏRTAC

 

 

Mayın 5-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi (ƏMA), Təhsil Nazirliyi, Dünya Əqli Mülkiyyət Təşkilatı (DIMT) və Avrasiya Patent Təşkilatının birgə əməkdaşlığı ilə “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları universitetlər tərəfindən yaradılmış startaplar və onların nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edən DƏMT-in baş direktoru Frensis Qarri Azərbaycana səfərinin əhəmiyyətindən, ƏMA ilə faydalı və səmərəli əməkdaşlıqdan danışıb, iki qurum arasında əlaqələrin daha da genişlənməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov DƏMT-in baş direktoru Frensis Qarrinin Bakıya səfərini yüksək dəyərləndirib, bu qurumla əməkdaşlığın uğurlu nəticələrindən söz açıb. Bildirilib ki, hazırda ölkəmizdə Əqli Mülkiyyət Agentliyi, Təhsil Nazirliyi və DƏMT-in birgə hazırladığı “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti üçün milli layihə” həyata keçirilir. Layihə ölkəmizdə elmi-tədqiqat nəticələrinin kommersiyalaşdırılması, tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi, yaradılan yüksək texnologiyaların iqtisadiyyatda tətbiqi üçün əlverişli şəraitin yaradılması və iqtisadi səmərəsinin artırılması məqsədlərinə xidmət edir. Bununla bağlı 2017-ci ildə Birgə Bəyannamə imzalanıb. Qeyd olunan məsələlərə aid 2016-2017-ci illərdə DƏMT ilə birgə əməkdaşlıqda üç beynəlxalq tədbir keçirilib, elm ocaqlarında əqli mülkiyyət siyasəti ilə bağlı tanınmış beynəlxalq ekspertlər tərəfindən lazımi kömək göstərilib, mütəxəssis hazırlığı aparılıb. Buradakı sərgidə əməkdaşlığın bəhrəsi kimi startapların və spinautların fəaliyyətlərinin nəticələri nümayiş etdirilir.

Bir sıra ölkələrdən tanınmış ekspertlərin iştirak etdikləri konfransda “Dünya Əqli Mülkiyyət Təşkilatının “Qlobal dəyər zəncirlərində qeyri-maddi aktivlər” (DƏMT-in 2017 hesabatına giriş), “İnnovasiya və enerji” və digər mövzularda məruzələr dinlənilib.

Beynəlxalq konfrans çərçivəsində “Qeyri-maddi aktivlər və qlobal dəyər zəncirləri: İqtisadiyyat innovasiyanın faydalarından necə yararlana bilər?” mövzusunda regional seminar da təşkil olunub.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?