Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Xəbərlər

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktoru cənab Frensis Qarri ölkəmizə səfərə gəlir


Cari ilin 4 – 6 iyun tarixlərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktoru cənab Frensis Qarrinin Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır. ÜƏMT-nin Baş direktorunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilməsi gözlənilir.

Zəngin səfər proqramı çərçivəsində Dr. F.Qarri əqli mülkiyyət sahəsinin, universitetlərin və elmi-akademik dairələrin nümayəndələri ilə görüşəcək və onların qarşısında çıxış edəcək, təhsil naziri cənab Ceyhun Bayramovun müşaiyəti ilə  universitetlər tərəfindən yaradılımış startaplar və onların nailiyyətlərini əks etdirən sərgi ilə tanış olacaq.

O, Heydər Əliyev Mərkəzində keçiriləcək ÜƏMT, Təhsil Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti üçün Milli Layihə”sinin və həmin Layihənin icrası ilə bağlı ÜƏMT və Təhsil Nazirliyi arasında imzalanmış Birgə Bəyannamə ilə nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq konfransda və “Qeyri – maddi aktivlər və qlobal dəyərlər zənciri: İqtisadiyyat innovasiyaların faydalarından necə yararlanır?” mövzusunda regional konfransda iştirak edəcək.

Dr. F.Qarri həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) nəzdindəki Yüksək Texnologiyalar Parkında startaplarla tanış olacaq və nazir cənab Ramin Quluzadə ilə görüş keçirəcək.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli  Əlaqələndirmə Şurasının sədri cənab Əli Əhmədovla görüşdə isə Azərbaycan Respublikası Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanma mərasimi olacaq.

Dr. F.Qarrinin xarici İşlər naziri cənab Elmar Məmmədyarovla da görüşü planlaşdırılır.

Ölkəmizə səfəri zamanı Dr. F.Qarrini Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri cənab Kamran İmanov müşayiət edəcəkdir.

 

18.05.2018









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?