Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Tez-tez verilən suallar

Hansı əsərlər rəsmi dövlət qeydiyyatından keçirilə bilər və bunun üçün tələblər hansılardır?

Yaradıcılıq fəaliyyətinin nəticəsi olan, obyektiv formada mövcud olan orijinal elm, ədəbiyyat və incəsənət əsərləri qeydiyyatdan keçirilə bilər. Dövlət sirrini, kommersiya sirrini saxlayan, pornoqrafiyanı, dini, irqi ayrıseçkiliyi təbliğ edən, milli ədavəti qızışdıran əsərlər qeydiyyatdan keçirilmir.  »

Müəlliflik hüququ ilə qorunmayan obyektlər hansılardır?

Rəsmi sənədlər (qanunlar, məhkəmə qərarları, qanunvericilik, inzibati və məhkəmə xarakterli digər mətnlər), həmçinin onların rəsmi tərcümələri; - dövlət rəmzləri və nişanları (bayraqlar, gerblər, himnlər, pul nişanları, digər dövlət rəmzləri və nişanları); - günün yenilikləri, müxtəlif hadisə və faktlar barədə informasiya xarakterli məlumatlar.  »

Müəlliflik hüququ necə yaranır və müəlliflik hüququnun sahibinin əsərə öz hüquqlarını bildirməsi üçün istifadə edəcəyi qorunma göstəriciləri hansılardır?

Əsər yarandığı andan həmin əsərə müəlliflik hüququ yaranır, onun müəllifinin müəlliflik hüquqları qorunur. Müstəsna müəlliflik hüququnun sahibinin əsərə öz hüquqlarını bildirməsi üçün aşağıdakı qorunma göstəricilərindən istifadə edilməlidir: - dairəyə alınmış C latın hərfi - ©; - müstəsna müəlliflik hüquqlarının sahibinin adı (fiziki və hüquqi şəxslər); - əsərin ilk dəfə dərc edildiyi il.  »

Əsəri dövlət qeydiyyatından keçirmək üçün hansı sənədlər təqdim olunmalıdır?

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 5(1)-ci maddəsinə əsasən müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Qanunvericiliyin müddəalarına uyğun olaraq müəllifi olduğunuz əsəri Agentlikdə (ünvan: Ü. Hacıbəyli 84, Hökumət evi, 5-ci giriş, 1-ci mərtəbə, 133-cü otaq) qeydiyyatdan keçirə bilərsiniz. Qeydiyyat üçün aşağıdakı sənədlər təqdim olunmalıdır: 1. Qeydiyyata təqdim olunan əsərin nüsxəsi; 2. Müəllifin şəxsiyyət vəsiqəsinin surəti; 3. Dövlət rüsumunun ödənilməsi barədə qəbz ("Kapital Bankın" filiallarından birində “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.62-1.1-ci maddəsinə əsasən 5 AZN dövlət rüsumu ödənilməlidir). Müəllif Agentliyə gəlmədən də əsərini elektron qaydada qeydiyyatdan keçirə bilər. Bunun üçün Müəllif Hüquqları Agentliyinin www.copag.gov.az saytının “Elektron xidmətlər” bölməsinə müraciət etməlidir. Elektron qeydiyyatla bağlı proseduralar həmin bölmədə ətraflı izah olunur.  »

Musiqi əsərini elektron qeydiyyatdan keçirmək üçün hansı sənədlər lazımdır?

Musiqi əsərini elektron qeydiyyatdan keçirmək üçün elektron ərizəyə əsərin not yazısı və mahnının mətni (sözləri) fayl formasında əlavə edilməlidir. Əgər mətnsiz musiqi əsərini qeydiyyatdan keçirmək istəyirsinizsə, yalnız not yazısını yuxarıda qeyd etdiyimiz formada göndərməlisiniz; - müstəsna hüquqlar əvvəllər başqasına məxsus olmuşdursa, bu hüquqların əldə edilməsi barədə müvafiq sənədin təsdiq edilmiş surəti (skan edilmiş); - müəllifin (hüquq sahibinin) şəxsiyyət vəsiqəsinin surəti (skan edilmiş); - əsərin qeydiyyatı üçün dövlət rüsumunun ödəniş qəbzi (skan edilmiş) əlavə olunur.  »

Təsviri incəsənət, dekorativ-tətbiqi sənət əsərlərinin qeydiyyatı üçün həmin əsərlər hansı formada təqdim olunmalıdır?

“Müəlliflik hüququ obyektinin qeydiyyatı Qaydaları” uyğun olaraq təsviri incəsənət, dekorativ-tətbiqi sənəti əsərlərinin qeydiyyatı üçün həmin əsərlərin 9x12 ölçülü rəngli fotoşəkilləri təqdim olunmalıdır.  »

Əsərdən istifadəyə müstəsna hüquqlar kimə məxsusdur?

Əsərdən hər hansı formada və üsulla istifadəyə müstəsna hüquqlar müəllifə (yəni əsərin yaradıcısına) məxsusdur. Əgər əsər qanunvericiliyə uyğun olaraq xidməti tapşırıq əsasında yaradılıbsa və ya əsərin əmlak hüquqları müəllif müqavilələri üzrə verilibsə, yaxud vərəsəlik qaydasında keçmişdirsə, onda müstəsna hüquqlar həmin hüquq sahibinə məxsus olur.  »

Əsərdən istifadəyə müstəsna hüquqların verilməsi necə həyata keçirilə bilər?

Əsərdən istifadəyə müstəsna hüquqlar müəllif müqaviləsi üzrə verilir və vərəsəlik qaydasında keçir.  »

Vərəsəlik qaydasında əsərdən istifadəyə müstəsna hüquqların verilməsi necə həyata keçirilir?

Vəfat etmiş müəllifin vərəsəsi notarial qaydada təsdiq edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almalıdır.  »

Xarici ölkə vətəndaşı əsərini Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirə bilərmi?

Azərbaycan Respublikası beynəlxalq müqavilələrə, o cümlədən “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasına üzv olduğu üçün xarici ölkə vətəndaşı əsərini Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirə bilər.  »

Şərik müəllifliklə yazılmış əsəri şərik müəlliflərin hər biri istədiyi vaxt dövlət qeydiyyatından keçirə bilərmi?

Şərikli əsər müəlliflərinin hər birinin ayrılıqda həmin əsəri Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirmək və əsərin qeydiyyatı haqqında şəhadətnamə almaq hüququ vardır.  »

Əlaqəli hüquqların obyektləri hansılardır?

İfalar, fonoqramlar və yayım təşkilatı verilişləri əlaqəli hüquqların obyektləridir.  »

Əlaqəli hüquq obyektləri kimlərə şamil edilir, kim qeydiyyatdan keçirə bilər?

İfaçı, fonoqram istehsalçısı, efir yayımı təşkilatı (radio və televiziya) əlaqəli hüquq obyektlərini qeydiyyatdan keçirə bilərlər.  »

Əlaqəli hüquqların qorunma göstəriciləri hansılardır?

Hüquq sahibi ona məxsus olan əlaqəli hüququ bildirmək üçün dairəyə alınmış P latın hərfindən istifadə edə bilər.  »

Müəlliflik hüququ ilə qorunan məlumat topluları hansılardır?

“Məlumat toplularının hüquqi qorunması haqqında” Qanuna əsasən, məlumatların seçilməsinə və düzülməsinə görə yaradıcılıq fəaliyyətinin nəticəsi kimi orijinal olan məlumat topluları müəlliflik hüququ ilə qorunur. Məlumat toplusunun müəlliflik hüququ ilə qorunması onun məzmununa aid edilmir, materialların seçilməsinə və düzülməsinə görə toplunun quruluşu qorunur. Müəlliflik hüququnun obyekti olan məlumat toplusunu müstəsna müəlliflik hüquqlarının sahibi (sahibləri) hüquqların qüvvədə olduğu müddətdə onu “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanuna uyğun olaraq dövlət qeydiyyatdan keçirə bilər.  »

Müəlliflik hüququ ilə qorunan məlumat toplusunun qorunma müddəti nə qədərdir?

Məlumat toplusuna müəlliflik hüququ toplunun yaradılması anından yaranır, toplunu yaradan (tərtib edən) müəllifin bütün həyatı boyu və onun ölümündən sonrakı ilin əvvəlindən başlayaraq 70 il müddətində qüvvədə qalır.  »

Xüsusi qorunma hüququ ilə qorunan məlumat topluları hansılardır?

Maliyyə vəsaitləri, yaxud vaxt və enerji (resurs) məsrəfləri şəklində əhəmiyyətli sərmayə qoyuluşu hesabına yaradılmış məlumat topluları xüsusi qorunma hüququ ilə qorunur. İddiaçı xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusunun qorunma meyarı kimi əsas götürülən maliyyə vəsaitlərini, vaxt və enerji (resurs) məsrəfləri şəklində əhəmiyyətli sərmayə qoyuluşunu təsdiq edən sənədlər təqdim etməlidir. Qeydiyyat üçün təqdim edilən məlumat toplusu obyektiv formada (maddi daşıyıcıda) olmalıdır.  »

Xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusunun qorunma müddəti nə qədərdir?

Xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusunun qorunma müddəti onun qeyri-müəyyən şəxslər dairəsinə ilk dəfə təqdim edildiyi tarixdən sonrakı ilin əvvəlindən başlayaraq 15 il müddətində qüvvədə qalır.  »

“İnteqral sxem topologiyası” dedikdə nə başa düşülür?

“İnteqral sxem topologiyası” dedikdə altlığın səthində və ya həcmində hazırlanan, bir-birindən ayrılmayan elementlərdən, yaxud elementlərarası əlaqələrdən ibarət olub müəyyən elektron sxem funksiyasını tam və ya qismən yerinə yetirən elektron məmulat başa düşülür.  »

Hansı topologiyalar qeydiyyatdan keçirilə bilər?

Yalnız orijinal topologiyalar qeydiyyatından keçirilə bilər. Qeydiyyat üçün topologiyanı eyniləşdirən ifadə formasından (rəsm, çertyoj, foto və yaxud inteqral sxem topologiyasının özü referatla birlikdə) biri təqdim olunmalıdır.  »