Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Ana Səhifə / Agentlik haqqında / Əsasnamə

Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında

ƏSASNAMƏ

 


“Azərbaycan Respublikasının Müəllif Hüquqları 
Agentliyi haqqında Əsasnamə“nin təsdiq edilməsi barədə


AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI

 

Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin normativ hüquqi əsaslarını təkmilləşdirmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamə“ təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 avqust 2005-ci il
№ 287


I. ÜMUMİ MÜDDƏALAR


1. Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi(bundan sonra -Agentlik) müəlliflik hüququ, əlaqəli hüquqlar, Azərbaycan folkloru nümunələrinə (ənənəvi mədəni 
nümunələrinə), inteqral sxem topologiyalarına və məlumat 
toplularına əqli mülkiyyət hüquqları (bundan sonra - əqli mülkiyyət hüquqları) sahəsində dövlət siyasətini həyata keçirən, normativ hüquqi tənzimlənməni, əqli mülkiyyət 
sahəsinin inkişafını təmin edən, bu sahədə fəaliyyəti əlaqələndirən və hüquqi statusu mərkəzi icra hakimiyyəti 
orqanının statusuna bərabər sayılan dövlət orqanıdır.

2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, 
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

3. Agentlik öz fəaliyyətini digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə ictimai birliklər və digər hüquqi şəxslərlə əlaqəli şəkildə 
qurur.

4. Agentlik müstəqil balansa, dövlət mülkiyyətində olan əmlaka, müvafiq xəzinə hesablarına, habelə bank hesablarına, Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

5. Agentliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.

6. Agentlik Bakı şəhərində yerləşir.

 

II. AGENTLİYİN VƏZİFƏLƏRİ


7. Agentliyin əsas vəzifələri aşağıdakılardır:

7.1. əqli mülkiyyət hüquqları sahəsində dövlət siyasətini həyata keçirmək, bu sahədə müvafiq konsepsiya və məqsədli 
proqramlar hazırlamaq və onların icrasını təmin etmək;

7.2. əqli mülkiyyət hüquqlarının qorunmasına və təmin edilməsinə dair qanunvericilikdə nəzərdə tutulan 
tənzimlənməni həyata keçirmək, əqli mülkiyyət sahəsində dövlət və yerli özünüidarəetmə orqanlarının və bu 
sahənin subyektləri olan hüquqi şəxslərin fəaliyyətinin əlaqələndirilməsi işində köməklik göstərmək;

7.3. əqli mülkiyyət hüquqları sahəsində qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək;

7.4. elm, ədəbiyyat və incəsənət sahəsində çalışan yaradıcı şəxslərin və digər hüquq sahiblərinin işgüzar fəaliyyəti üçün daha əlverişli hüquqi şəraitin və əqli mülkiyyətdən cəmiyyətin tələblərinə uyğun kütləvi istifadə yolu ilə sosial və iqtisadi fəaliyyətin yeni formalarının yaradılması və əqli mülkiyyəti əmtəəyə çevirmək məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə aid təkliflər hazırlamaq və lazımlı 
tədbirlər görmək;

7.5. əqli mülkiyyətin müasir iqtisadiyyatda artan roluna əsaslanan və əqli mülkiyyət sənayesinin inkişafına 
yönəldilmiş investisiya mühitini yaxşılaşdırmaq məqsədilə müasir elmi-texniki potensiala və beynəlxalq təcrübəyə uyğun olaraq əqli mülkiyyət sahəsinə aid olan normativ sənədləri öz səlahiyyətləri daxilində müntəzəm şəkildə təkmilləşdirmək və bu istiqamətdə müvafiq tədbirlər görmək;

7.6. rəqəmli informasiya texnologiyalarının və elektron ticarətin inkişafının tənzimlənməsi məqsədilə əqli 
mülkiyyətin bu istiqamətdən irəli gələn yeni obyektlərinə olan hüquqların qorunmasına aid mexanizmlərin yaradılmasına dair təkliflər hazırlamaq və müvafiq tədbirlər görmək;

7.7. əqli mülkiyyət hüquqlarının həyata keçirilməsini təmin etmək, əmlak hüquqlarını kollektiv əsasda idarə edən və dövlət qeydiyyatına alınmış təşkilatların uçotunu aparmaq, onların fəaliyyətinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada nəzarət etmək;

7.8. əqli mülkiyyət obyektlərinin dövlət qeydiyyatını aparmaq, hüquq sahibləri və istifadəçilər haqqında milli informasiya sistemini yaratmaq və onun müntəzəm 
təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görmək;

7.9. tərkibində əqli mülkiyyət obyektləri olan mallar gömrük sərhədindən keçirilərkən onlara qanunvericilikdə müəyyən edilmiş qaydada və gömrük orqanlarının müraciəti əsasında gömrük nəzarətinin həyata keçirilməsinə yardım göstərmək;

7.9-1. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı 
qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu 
informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;

7.10. öz səlahiyyətləri daxilində əqli mülkiyyətin beynəlxalq mübadiləsini və bu sahədə əməkdaşlığı təmin etmək;

7.11. Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.


III. AGENTLİYİN FUNKSİYALARI


8. Agentlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

8.1. əqli mülkiyyət hüquqları sahəsində sistemli proqnozlar əsasında inkişaf konsepsiyasını hazırlayır və onun həyata 
keçirilməsini təmin edir;

8.2. əqli mülkiyyət sahəsinin müxtəlif istiqamətləri üzrə dövlət proqramları hazırlayır və onların yerinə yetirilməsi 
üçün öz səlahiyyətləri daxilində müvafiq tədbirlər görür;

8.3. əqli mülkiyyət hüquqları sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq və regional konvensiyalar, müqavilələr və sazişlər nəzərə alınmaqla 

qanunvericilik aktlarının təkmilləşdirilməsi ilə bağlı təkliflər 
və rəylər hazırlayır;

8.4. əqli mülkiyyət hüquqlarını tənzimləyən normativ hüquqi aktların hazırlanmasında iştirak edir;

8.5. əqli mülkiyyət hüquqlarının qorunması, həyata keçirilməsi və təmin edilməsi ilə bağlı öz səlahiyyətlərinə aid olan normativ hüquqi aktları, sahə standartlarını, metodik və praktik tövsiyələri hazırlayıb təsdiq edir və həyata keçirir;

8.6. əqli mülkiyyət hüquqlarının mədəni, sosial və iqtisadi rolunun təhlilini aparır, onun inkişafına dair təkliflər və sənədlər hazırlayır və müvafiq qaydada aidiyyəti orqanlara təqdim edir;

8.7. əqli mülkiyyət sahəsində ənənəvi və qeyri-ənənəvi əqli mülkiyyət obyektlərinə olan hüquqların qorunmasına dair tələblərin və normativlərin işlənib hazırlanmasını, qəbul edilməsini, beynəlxalq qorunma standartlarına uyğunlaşdırıl-masını və əqli mülkiyyət hüquqları ilə qorunan obyektlərin 
təsnifatının tərtib edilməsini həyata keçirir;

8.8. əqli mülkiyyət hüquqları sahəsində digər mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının, 
ictimai birliklərin, o cümlədən əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların və digər hüquqi şəxslərin 
fəaliyyətini öz səlahiyyətləri daxilində əlaqələndirir;

8.9. əqli mülkiyyət hüquqlarının həyata keçirilməsini təşkil edir, hüquq sahiblərinə keyfiyyətli və səmərəli xidmətlər göstərmək üçün öz səlahiyyətləri daxilində tədbirlər görür;

8.10. əqli mülkiyyət hüquqlarının qorunması sahəsində qanunvericiliyə əməl edilməsinə və öz səlahiyyətləri daxilində əmlak hüquqlarının kollektiv əsasda həyata keçirilməsinə nəzarət edir, bu sahənin subyektləri ilə 
qarşılıqlı əlaqələr yaradır və tədbirlər görür;

8.11. qanunvericiliklə müəyyən edilmiş qaydada əqli mülkiyyət hüquqları sahəsində beynəlxalq müqavilələrə 
Azərbaycan Respublikasının qoşulması barədə təkliflər verir, Azərbaycan Respublikasının bu sahədə iştirakı ilə 
bağlı materiallar toplayır, onları ümumiləşdirir, təhlil edir və müvafiq təkliflər verir;

8.12. qanunvericiliklə müəyyən edilmiş qaydada əqli mülkiyyət sahəsinə aid ikitərəfli və çoxtərəfli beynəlxalq 
müqavilələrin hazırlanması üzrə müvafiq işlər görür, öz səlahiyyətləri daxilində bağlanmış müqavilələrin həyata keçirilməsində iştirak edir;

8.13. qanunvericiliklə müəyyən edilmiş qaydada əqli mülkiyyət sahəsində beynəlxalq təşkilatlarda Azərbaycan 
Respublikasını təmsil edir və əməkdaşlığı həyata keçirir;

8.14. Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və YUNESKO-nun əqli mülkiyyət üzrə qərar və tövsiyələrinin müvafiq fəaliyyət sahəsində nəzərə alınması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görür, əqli mülkiyyətə aid beynəlxalq təşkilatların sorğularını cavablandırır, onlarla təcrübə mübadiləsi aparır və beynəlxalq təcrübə nəzərə alınmaqla sistemli təhlillər aparır və öz səlahiyyətləri daxilində tədbirlər həyata keçirir;

8.15. Azərbaycan müəlliflərinin və digər hüquq sahiblərinin əsərlərinin və digər əqli mülkiyyət obyektlərinin xaricdə 
istifadəsi zamanı onların hüquqlarının qorunması və xarici müəlliflərin əsərlərindən Azərbaycan Respublikasında 
istifadə olunarkən qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı tədbirlərin görülməsi barədə təkliflər verir;

8.16. qanunvericiliyə uyğun olaraq Agentliyin fəaliyyət sahəsinə aid olan məsələlərə dair tarif siyasətinin formalaşmasında iştirak edir, bu sahədə əqli mülkiyyət obyektlərinin istifadəsi ilə bağlı dövlət tərəfindən tənzimlənən qonorar tarifləri barədə təkliflər verir və onların tətbiqi üçün öz səlahiyyətləri daxilində zəruri işlər görür;

8.17. dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün əqli mülkiyyətlə bağlı peşəkar tövsiyələrin və rəylərin hazırlanması məqsədilə öz səlahiyyətləri daxilində 
tədbirlər həyata keçirir;

8.18. qanunvericiliyə uyğun olaraq hüquqi və fiziki şəxslərlə bağlanmış müqavilələrə əsasən əqli mülkiyyət sahəsi üzrə işlər görür və xidmətlər göstərir;

8.19. əqli mülkiyyət hüquqlarının tanınması barədə vəsatətlərə baxır və qanunvericiliyə uyğun olaraq müvafiq 
qərarlar qəbul edir;

8.20. əqli mülkiyyət hüquqları obyektlərinin qeydiyyatı ilə bağlı zəruri hallarda ekspertiza təşkil edir, müəlliflik hüququ obyektlərinin orijinallığının müəyyən edilməsi ilə bağlı müvafiq tədbirlər görür;

8.21. qanunvericilikdə nəzərdə tutulmuş qaydada əqli mülkiyyət hüquqları obyektlərinin dövlət qeydiyyatını təşkil 
edir, əqli mülkiyyət hüquqları obyektlərinin qeydiyyatdan keçirilməsi və ya qeydiyyatından imtina edilməsi barədə müvafiq qərarlar qəbul edir, əqli mülkiyyət hüquqları obyektləri və hüquq sahibləri barədə məlumatları mövcud qaydalara uyğun olaraq dövlət reyestrlərinə daxil edir;

8.22. qeydiyyatdan keçirilmiş əqli mülkiyyət hüquqları obyektlərinin hüquq sahiblərinə dövlət qeydiyyatı haqqında 
müvafiq şəhadətnamə verir, bu obyektlərin uçotunu, inventarlaşmasını və saxlanılmasını təmin edir;

8.23. əqli mülkiyyət hüquqları sahəsində milli informasiya sistemini yaradır, onun operativliyini və beynəlxalq 
mübadiləsini təmin edir, qeydiyyatdan keçirilmiş əqli mülkiyyət hüquqları obyektləri və onların hüquq sahibləri 
haqqında elektron məlumat bazasını müntəzəm olaraq təkmilləşdirir və dövlət reyestrlərinin elektron surətinin yeniləşdirilməsini təmin edir;

8.24. əqli mülkiyyət hüquqları obyektlərinə hüquqların keçməsi və verilməsi barədə sənədləri qeydiyyata alır və müvafiq dəyişikliklərin müəyyən edilmiş qaydada dövlət reyestrlərinə daxil edilməsini həyata keçirir;

8.25. dövlət reyestrlərinə daxil edilmiş əqli mülkiyyət hüquqları obyektlərinin qeydiyyatı haqqında informasiyaları 
dərc edir;

8.26. dövlət qeydiyyatından keçirilmiş əqli mülkiyyət obyektləri, dövlət reyestrlərində edilmiş dəyişikliklər və 
qorunma müddətləri bitmiş əqli mülkiyyət obyektləri, həmçinin müvafiq orqanların sorğularına əsasən bu obyektlərin Agentlikdə qeydiyyata alınması haqqında zəruri məlumatlar verir;

8.27. qanunvericiliyə uyğun olaraq qeydiyyat üçün təqdim edilmiş inteqral sxem topologiyalarının qorunma müddətlərinin başlanğıcını müəyyənləşdirir və istehsalatda 
istifadə olunan inteqral sxem topologiyalarının və onların 
istifadəçilərinin uçotunu aparır;

8.28. folklor nümunələrindən (ənənəvi mədəni nümunələrindən) satış, yayım obyektlərində, kütləvi tamaşa 
yerlərində, kabel və efir yayımı təşkilatlarında və rəqəm şəbəkələrində yayım, dərc olunma, kütləvi ifa və digər 
istifadə hallarının monitorinqini təşkil edir və uçotunu aparır, folklor nümunələrindən (ənənəvi mədəni nümunələrindən) istifadə zamanı qanunvericiliyin tələblərinə zidd olan halları müəyyənləşdirir, müvafiq tədbirlər görür və bununla əlaqədar 
məhkəmələrdə dövlətin maraqlarını müdafiə edir;

8.28-1. digər dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının hüdudlarından kənarda 
Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə istifadəsinə icazə verir;

8.29. qanunvericiliyə uyğun olaraq qeydiyyata təqdim olunmuş məlumat toplularının müvafiq meyarlara əsasən 
müəlliflik hüququ və (və ya) xüsusi qorunma hüquqları ilə qorunmasını müəyyənləşdirir, rəsmi qeydiyyatdan keçirilmiş xüsusi qorunma hüququ ilə qorunan açıqlanmamış məlumat toplusu qorunduğu müddətdə açıqlandığı, həmçinin xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusuna sonradan əhəmiyyətli dəyişikliklər və əlavələr aparıldığı hallarda bu toplulara qorunma müddətini dəqiqləşdirir;

8.30. Azərbaycan folkloru nümunələrindən (ənənəvi mədəni nümunələrindən) və müəllif əsərlərindən xaricdə istifadə 
olunarkən qanun pozuntularının aşkar edildiyi hallarda bunun qarşısının alınması üçün öz səlahiyyətləri daxilində beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırır, digər zəruri 
tədbirləri görür;

8.31. Azərbaycan folklor nümunələrinin (ənənəvi mədəni nümunələrinin) qeyri-qanuni istifadə edildiyi hallarda 
məhkəmələrdə dövlətin maraqlarını qoruyur, qanun pozuntuları nəticəsində dəymiş maddi ziyanı müəyyən edir və 
iddia sənədində göstərir;

8.32. qorunma müddəti bitmiş və ictimai varidata keçmiş müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin 
müəyyənləşdirilməsi və uçotu üzrə iş aparır, ictimai varidata keçmiş əsərlərdən əlaqədar dövlət orqanları və yaradıcılıq birlikləri ilə razılaşdırmaqla dövlət varidatına keçirilməsi məqsədilə əsərlərin seçilməsi və müvafiq qaydada dövlət 
varidatı elan olunması üçün təkliflər verir;

8.33. dövlət varidatına keçmiş əsərlərdən istifadə zamanı müəlliflik hüquqlarının pozulmasına və onların məzmununun təhrif olunmasına qarşı müvafiq tədbirlər görür, dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə xüsusi ödənişlərin yığımını və dövlət büdcəsinə köçürülməsini təmin edir;

8.34. əmlak hüquqlarını kollektiv əsasda idarə edən dövlət qeydiyyatına alınmış təşkilatların Agentlikdə qeydiyyata 
alınması ilə bağlı qeydiyyat sənədlərinin tərkibini və təqdim 
olunma formasını müəyyənləşdirir, onların fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək üçün sənədlərin siyahısını hazırlayır, dövlət qeydiyyatından keçmiş belə təşkilatları Agentlikdə qeydiyyata alır, əks halda, onların qeydiyyata alınmaması ilə bağlı əsaslandırılmış irad və təkliflərini müvafiq qaydada təqdim edir;

8.35. əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların müəllifhüquq münasibətlərinin subyekti kimi fəaliyyətinin müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliyə uyğunluğunun yoxlanılması məqsədilə monitorinqlər aparır, nəticələri ümumiləşdirir və həmin təşkilatların fəaliyyəti ilə bağlı müvafiq qaydada təkliflər verir;

8.36. müəlliflər və digər hüquq sahibləri ilə əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların mübahisəli hallarda münasibətlərini tənzimləyir, bu təşkilatların ictimai birliklərinin təmsil etdikləri müəlliflərin və digər hüquq sahiblərinin ərizə və şikayətlərinə baxır, istifadəçilərlə bağlı yaranan mübahisəli hallarda əmlak 
hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların fəaliyyət dairələrini öz səlahiyyətləri daxilində müəyyənləşdirir;

8.37. əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qanunvericiliklə müəyyən edilmiş qaydada 
ödəyəcəyi illik haqqın məbləğini müəyyənləşdirir, bu məbləğin dövlət büdcəsinə köçürülməsini təmin edir, bu 
təşkilatların illik balansı, illik hesabatı, fəaliyyətinin audit yoxlanması haqqında və digər zəruri sənədlərini qəbul edir, müəllif-hüquq qanunvericiliyi ilə uyğunsuzluqlar və qanun pozuntuları aşkar edildiyi hallarda müvafiq tədbirlər görür;

8.38. hüquq sahiblərinin mənafelərinə və iradələrinə uyğun olaraq əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyini təşkil edir, qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsini həyata keçirir, belə hallarda istifadəyə görə 
qonorarı müvafiq qaydada yığır və hüquq sahiblərinə çatdırır, xarici ölkələrin müəlliflərinin və əlaqəli hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi üzrə 
müvafiq təşkilatları ilə əlaqələrin qurulmasını, bu sahədə əməkdaşlıq haqqında sazişlərin bağlanmasını və Azərbaycan müəlliflərinin və digər hüquq sahiblərinin əsərlərindən və əlaqəli hüquqların obyektlərindən xaricdə istifadəyə görə qonorarın alınmasını və aidiyyəti üzrə çatdırılmasını təmin edir;

8.39. müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunvericilik barəsində hüquqi maarifləndirmə işi aparır, beynəlxalq və milli seminarlar, disputlar və simpoziumlar keçirir, müəlliflərə və digər hüquq sahiblərinə, onların varislərinə pozulmuş hüquqların bərpası ilə bağlı hüquqi məsləhətlər verir;

8.40. bazarda sağlam rəqabət prinsiplərinin təmin edilməsi, əqli mülkiyyətə əsaslanan sənayedə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin mənafelərinin qorunması məqsədilə əqli mülkiyyət obyektlərinin qeyri-qanuni istifadəsi ilə bağlı öz səlahiyyətləri daxilində zəruri tədbirlər görür;

8.40-1. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi ilə bağlı işləri təşkil edir və həyata keçirir;

8.40-2. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə yapışdırılması üçün nəzarət markalarının hazırlanmasını təmin edir və onları istifadəçiyə verir;

8.40-3. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) nüsxələrinin nəzarət markaları yapışdırılaraq yayılmasına nəzarət edir;

8.40-4. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, nüsxələrinə nəzarət markası yapışdırılması nəzərdə tutulan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) dövlət reyestrini aparır, həmin nüsxələrin yaradılmasının qanuniliyini müəyyənləşdirir;

8.40-5. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) nüsxələrinin piratçılıq yolu ilə istehsalına və yayılmasına, habelə nəzarət markası yapışdırılmayan nüsxələrinin yayılmasına qarşı inzibati tədbirlərin təmin olunması məqsədi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərir;

8.41. pirat məhsulların və müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliyin tələblərinin pozulması ilə məhsul buraxan istehsalçıların müəyyən edilməsi məqsədilə digər səlahiyyətli dövlət orqanları ilə birgə müvafiq iş aparır, o cümlədən monitorinq-baxışlar keçirir, əqli mülkiyyət sahəsində qanun pozuntuları üzrə məlumatları toplayır və aidiyyəti orqanlara çatdırır;

8.42. pozulmuş hüquqlarının bərpası ilə bağlı hüquq sahiblərinin təşəbbüsü ilə və digər zəruri hallarda müvafiq məhkəmələrdə iddia qaldırır və hüquq sahiblərinin mənafelərini müdafiə edir, müəllif-hüquq pozuntuları ilə mübarizə üçün məhkəmə və digər müvafiq orqanların sorğuları əsasında qanunvericilikdə nəzərdə tutulan qaydada ekspert rəyləri hazırlayır, məhkəmədə və digər səlahiyyətli orqanlar tərəfindən keçirilən tədbirlərdə ekspert və nümayəndə qismində iştirak edir, müəllif-hüquq sahəsində qanun pozuntuları ilə əlaqədar işlərin uçotunu və təhlilini aparır, toplanmış məlumatları sistemləşdirir;

8.43. əqli mülkiyyət hüquqları ilə qorunan beynəlxalq və milli informasiya texnologiyalarının təhlilini aparır, informasiya texnologiyalarının əqli mülkiyyət obyektləri kimi qorunması vəziyyətini müşahidə edir və milli səviyyədə qorunması vəziyyətini araşdırır, onların qorunmasının beynəlxalq standartlara uyğun olması üçün öz səlahiyyətləri daxilində tədbirlər görür və yeni informasiya texnologiyaları obyektlərinin qorunmasına dair müvafiq qaydada təkliflər verir;

8.43-1. Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, rəqəmsal şəbəkələrdə müəllif, ifaçı və fonoqram istehsalçılarının əmlak hüquqlarından istifadəyə nəzarət edir, hüquq sahiblərinin mənafelərinə və iradələrinə uyğun olaraq bu hüquqların kollektiv əsasda idarəçiliyini təşkil edir, hüquqların pozulduğu, o cümlədən hüquqlardan istifadəyə qoyulmuş məhdudiyyətləri təmin edən texniki müdafiə vasitələrinin qeyri-qanuni dağıdıldığı, eləcə də hüquq sahibinin razılığı olmadan hüquqların idarə edilməsi haqqında informasiyanın ləğv edildiyi, yaxud dəyişdirildiyi hallarda hüquq pozuntusuna yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi, habelə onlara məxsus informasiya ehtiyatından istifadənin dayandırılması məqsədi ilə tədbirlər görür;

8.44. qanunla qorunan əqli mülkiyyət obyektlərinin qlobal rəqəmli şəbəkələrdə istifadəsinə aid monitorinqlər aparır, arayışlar hazırlayır və müvafiq qaydada səlahiyyətli orqanlara təqdim edir;

8.45. elektron ticarət sahəsinə aid qanunvericilikdə əqli mülkiyyət hüquqları obyektlərinə hüquqların qorunmasının təkmilləşdirilməsi məqsədilə təkliflər verir və öz səlahiyyətləri daxilində tədbirlər görür;

8.46. əqli mülkiyyət hüquqlarına əsaslanan milli iqtisadiyyat sahələrinin iqtisadi göstəricilərinin daimi müşahidəsini aparır, onların inkişafı zamanı meydana gələn problemləri müəyyən edir, ümumi daxili məhsulda əqli mülkiyyətə əsaslanan sənayenin payını daha dəqiq dəyərləndirmək üçün öz səlahiyyətləri daxilində müvafiq işlər görür və təkliflər hazırlayır;

8.47. əqli mülkiyyət aktivlərinin dəyərləndirilməsində fiziki və hüquqi şəxslərə metodiki yardım göstərir;

8.48. əqli mülkiyyət hüquqlarının pozulması ilə bağlı zərərin iqtisadi dəyərləndirilməsi üzrə işlər görür və zəruri hallarda müvafiq dövlət və məhkəmə orqanlarının sorğusu əsasında rəylər hazırlayır;

8.49. əmlak hüquqlarını kollektiv əsasda idarə edən ictimai təşkilatların fəaliyyəti müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliyin tələblərinə uyğun olmadığı hallarda onların Agentlikdəki qeydiyyatını ləğv edir;

8.50. əmlak hüquqlarının idarəçiliyini kollektiv əsasda idarəetmə təşkilatlarına verməmiş müəlliflərin əsərlərinin həmin təşkilatlar tərəfindən istifadəyə verilməsinin aşkar edildiyi və müəlliflər üçün yığdıqları qonorardan ayırmalar barədə qəbul etdiyi qərarların müəlliflərin maraqlarına zidd olduğu hallarda həmin hərəkətlərin dayandırılmasını və qərarların ləğv edilməsini tələb edir;

8.51. gömrük sərhədindən keçirilən, tərkibində əqli mülkiyyət obyektləri olan mallarda əqli mülkiyyət hüquqlarının pozulmasının müəyyənləşdirilməsində gömrük orqanları ilə əməkdaşlıq edir, müəyyən olunmuş qaydada onlarla əlaqəli şəkildə belə faktları ümumiləşdirir, onların təsnifatını aparır, gömrük orqanlarının sorğusu əsasında əqli mülkiyyət hüquqlarının pozulub-pozulmaması ilə bağlı rəylər verir;

8.52. gömrük sərhədində əqli mülkiyyət obyektlərinə olan hüquqların pozulmasının müəyyənləşdirilməsi üçün gömrük orqanının müraciəti əsasında gömrük orqanı ilə birlikdə tərkibində əqli mülkiyyət obyektləri olan malların identifikasiyasının həyata keçirilməsində iştirak edir, zəruri hallarda tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük orqanı tərəfindən reyestrə daxil edilməsi üçün təkliflər verir;

8.53. Agentlikdə mövcud olan daxili informasiya-kommunikasiya sistemi çərçivəsində informasiyanın fasiləsiz alınmasını, işlənməsini və ötürülməsini təşkil edir. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının korporativ rəqəm şəbəkəsinin Azərbaycan dayaq məntəqəsi vasitəsilə əlaqələri genişləndirir, bu sahədə informasiya mübadiləsini təşkil edir və şəbəkənin rəqəm kitabxanalarından istifadə etməklə yeniliklər barədə informasiyalar hazırlayır;

8.54. kargüzarlığı, vətəndaşların qəbulunu, onların təklif, ərizə və müraciətlərinə baxılmasını normativ hüquqi aktların tələblərinə uyğun təşkil edir və kadrların əlavə təhsilinə və peşəkarlığının yüksəldilməsinə dair tədbirlər görür; 

8.55. əqli mülkiyyət məsələləri üzrə ixtisaslı mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər verir və onların həyata keçirilməsində iştirak edir;

8.56. qanunvericilikdə nəzərdə tutulmuş digər funksiyaları həyata keçirir.

9. Çıxarılıb. 


IV. AGENTLİYİN HÜQUQLARI


10. Agentliyin öz vəzifələrini və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:

10.1. əqli mülkiyyət hüquqları sahəsində normativ hüquqi aktların hazırlanmasına və təkmilləşdirilməsinə dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək, həmçinin bu sahənin vəziyyəti və inkişafı ilə əlaqədar analitik materiallar və təkliflər təqdim etmək;

10.2. öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən-ləşdirilmiş qaydada müəllif hüquqları sahəsində müvafiq normativ hüquqi aktlar qəbul etmək;

10.3. səlahiyyətləri daxilində dövlət orqanlarından və qeyri-hökumət təşkilatlarından müəyyən olunmuş qaydada sorğu əsasında müvafiq məlumat və sənədlər almaq, əqli mülkiyyət hüquqları ilə bağlı məhsulların, işlərin və xidmətlərin mövcud tələblərə uyğunluğunu müəyyən etmək məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görmək;

10.4. səlahiyyətlərinə aid edilmiş məsələlərin işlənib hazırlanması və yerinə yetirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada xarici və yerli ekspertləri və məsləhətçiləri cəlb etmək, onlarla müqavilələr (kontraktlar) bağlamaq;

10.5. səlahiyyətlərinə aid edilmiş sahələrdə dövlət orqanları və hüquqi şəxslərlə, beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, müəyyən edilmiş qaydada beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını təmsil etmək, beynəlxalq müqavilələrin (sazişlərin) layihələrini hazırlamaq, qanunvericiliklə müəyyən edilmiş qaydada beynəlxalq müqavilələr (sazişlər) bağlamaq; 

10.6. əqli mülkiyyət hüquqlarının qorunması sahəsində mütəxəssislərin hazırlanması, əlavə təhsili üçün tədbirlər görmək və bu sahədə beynəlxalq əməkdaşlıq etmək;

10.7. qanunvericiliklə müəyyən edilmiş qaydada tabeliyində idarə və təşkilatlar yaratmaq, onları yenidən təşkil etmək və ləğv etmək;

10.8. qanunvericiliklə müəyyən edilmiş qaydada dövri mətbuat orqanları təsis etmək, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

10.9. əqli mülkiyyət sahəsində çalışan işçiləri dövlət təltifl-ərinə və digər mükafatlara təqdim etmək, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

10.10. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.


V. AGENTLİYİN FƏALİYYƏTİNİN TƏŞKİLİ


11. Agentliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən sədr rəhbərlik edir.

12. Agentliyin sədri Agentliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

12-1. Agentliyin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

13. Agentliyin sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən bir müavini vardır.

14. Agentliyin sədri:

14.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

14.2. sədr müavininin vəzifə səlahiyyətlərini müəyyən edir;

14.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Agentliyin aparatının və tabeliyində olan qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

14.4. Agentliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;

14.5. Agentliyin aparatının və tabeliyində olan qurumların işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onların barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;

14.6. səlahiyyətləri daxilində Agentliyin aparatının və tabeliyində olan qurumların fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, təlimatlar və normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

14.7. Agentliyin fəaliyyət dairəsinə daxil olan məsələlərlə əlaqədar səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada xarici ölkələrin dövlət orqanları və hüquqi şəxsləri ilə, beynəlxalq təşkilatlarla danışıqlar aparır, əqli mülkiyyət sahəsində beynəlxalq sazişlər bağlayır, beynəlxalq tədbirlərdə iştirak edir; 

14.8. Agentliyin səlahiyyətlərinə daxil olan məsələlər üzrə hazırlanmış qanunvericilik aktlarının layihələrini müəyyən edilmiş qaydada baxılmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir;

14.9. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

15. Agentlikdə sədrdən (kollegiya sədri), sədr müavinindən, Agentliyin aparat rəhbərindən, struktur bölmələrinin və tabeliyində olan qurumların rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Agentliyin kollegiyasının tərkibinə həmçinin müəlliflər, mütəxəssislər və alimlər də daxil edilə bilər.

16. Agentliyin kollegiyasının üzvlərinin sayı və şəxsi tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunur.

17. Agentliyin kollegiyası öz iclaslarında Agentliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və həmin məsələlər haqqında müvafiq qərarlar qəbul edir.

18. Agentliyin kollegiyasının iclasları kollegiya üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir.

19. Agentliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir, protokollarla rəsmiləşdirilir və bir qayda olaraq sədrin əmrləri və sərəncamları ilə həyata keçirilir.

20. Agentliyin kollegiyasının iclaslarında baxılan məsələlərə bilavasitə aidiyyəti olduqda, zəruri hallarda digər icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların, habelə ictimai təşkilatların nümayəndələri iştirak etmək üçün dəvət edilə bilərlər.

21. Əqli mülkiyyət sahəsində elmi-texniki nailiyyətlərin, yeni texnologiyaların tətbiqinin və mədəni sənayedə əqli mülkiyyət hüquqlarının təmin olunması üzrə qabaqcıl dünya təcrübəsinin öyrənilməsi, habelə dövlət qeydiyyatına alınmaq üçün təqdim olunan əqli mülkiyyət obyektlərinin orijinallığının müəyyən edilməsi üçün Agentlikdə ictimai əsaslarla fəaliyyət göstərən və tərkibində sahələr üzrə ekspert komissiyaları olan mütəxəssislərdən və alimlərdən ibarət Elmi-metodik Şura yaradılır. Elmi-metodik Şura haqqında Əsasnamə Agentliyin sədri tərəfindən təsdiq edilir.


(Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 287 nömrəli Fərmanı ilə Təsdiq edilmişdir)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

  • 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970)
  • 31 avqust 2009-cu il tarixli 154 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 03 sentyabr 2009-cu il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 08, maddə 630)
  • 30 oktyabr 2009-cu il tarixli 176 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 1 noyabr 2009-cu il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 789)
  • 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289)
  • 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85)
  • 07 iyun 2011-ci il tarixli 441 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 9 iyun 2011-ci il, № 117, “Azərbaycan” qəzeti, 12 iyun 2011-ci il, № 126, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 496)
  • 07 fevral 2012-ci il tarixli 578 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 9 fevral 2012-ci il, № 31)
  • 15 mart 2013-cü il tarixli 847 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 17 mart 2013-cü il, № 60)
  • 28 oktyabr 2013-cü il tarixli 12 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı





Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?